Medianews.az
Metronun “Həzi Aslanov” stansiyasında nə baş verir?
220 baxış

Metronun “Həzi Aslanov” stansiyasında nə baş verir?

Ötən həftə memar Elçin Əliyev öz feysbuk hesabında Bakının “Həzi Aslanov” metro stansiyasının divarlarından su sızması ilə bağlı paylaşım edib. E.Əliyev bildirib ki, platforma interyerlərinin vəziyyəti onu dəhşətə gətirib: “Perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur, bu, heç də bir ilin problemi deyil. İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısaqapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi”.

Medianews.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə müraciət edib.

Metropolitenin mətbuat xidməti saytın sorğusuna cavab olaraq bildirib ki, “Həzi Aslanov” stansiyası 1981-1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib: “Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.

Məhz bu amillər nəzərə alınaraq, 2024-cü il noyabrın 30-dan stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir”.

Dalan yolunun tikintisinin bu ilin sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır. “Həzi Aslanov” stansiyasının yenidən qurulması isə 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov”a keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti vurğulayır ki, stansiya daima nəzarətdə saxlanır, mütəmadi texniki baxış və qulluq işləri aparılır: “Qrunt suları və yağıntıların təsiri nəzarət altındadır, təhlükəsiz istismar tam təmin olunur”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun