Qış mövsümü ev şəraitində hazırlanan turşular və qəlyanaltılar üçün ən münasib dövrdür.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, ağbaş kələmdən hazırlanan ənənəvi turşudan fərqli olaraq, kimçi əsasən Pekin kələmindən hazırlanır və özünəməxsus acılı dadı ilə seçilir. Bu yeməyin hazırlanma qaydasını “FoodKor” kanalı paylaşıb.
Ənənəvi halda kimçi böyük həcmdə hazırlanır və Cənubi Koreyada bu proses ailəvi mərasim kimi qəbul olunur. Bəzən bir dəfəyə onlarla kələm başı turşuya qoyulur. Təqdim edilən resept isə yalnız bir kələm başı ilə hazırlanır və klassik üsula nisbətən daha sadədir. Bu səbəbdən ev şəraitində hər kəs rahatlıqla hazırlaya bilər.
Kimçi fermentasiya yolu ilə hazırlandığı üçün bağırsaq sağlamlığı üçün faydalı hesab olunur. Tərkibində lif, vitamin və təbii turşular boldur. Acılı dadı maddələr mübadiləsini sürətləndirməyə də kömək edir. Düzgün saxlanıldıqda bir neçə həftə ərzində istifadə oluna bilər. Kimçi əsas yeməklərlə yanaşı, qəlyanaltı kimi də süfrəyə verilə bilər.
Lazım olan məhsullar:
Pekin kələmi, ağ turp, kök, baş soğan, sarımsaq, yaşıl soğan, zəncəfil kökü, soya sousu, iri dənəli duz, adi duz, şəkər tozu, düyü unu, qırmızı bibər tozu və acı bibər lopaları.
Hazırlanma qaydası:
Kələm uzununa dörd hissəyə bölünür, yarpaqlar duzlanaraq suda saxlanılır və gecə boyu soyuducuda gözlədilir. Daha sonra həmin sudan istifadə edilərək düyü unu və şəkərlə qatıqlaşmış məhlul hazırlanır. Məhlul soyuduqdan sonra üzərinə soya sousu və ədviyyatlar əlavə olunur. Xırda doğranmış tərəvəzlər bu qarışıma qatılır və alınan acılı məhlul kələm yarpaqlarının arasına sürtülür. Hazırlanmış kimçi qapalı qabda bir gün otaq temperaturunda saxlanılır, sonra isə soyuducuya qoyulur.
Mütəxəssislər bildirirlər ki, bu yemək dörd gündən sonra tam dadına çatır və daha ləzzətli olur.