Almaniyada yaşayış icazəsi və ya vətəndaşlıq üçün müraciət edən şəxslərin əvəzinə dil imtahanına girən bir dəstə yaxalanıb.
Müəyyən edilib ki, dəstə üzvləri alman dilini bilməyən şəxslərin əvəzinə pul qarşılığında imtahanlara giriblər.
Ölkə üzrə dil imtahanları və vətəndaşlıq testlərində genişmiqyaslı saxtakarlıq şəbəkəsinin aşkar edildiyini Nürnberq polisi açıqlayıb.
Polisin yaydığı məlumatda bildirilib ki, dəstənin rəhbəri alman dilini yaxşı bilən şəxsləri saxta sənədlərlə “vəkalət əsasında” imtahanlara salaraq miqrantlar adından testləri həll etdirib. Bu üsul qarşılığında hər bir imtahan üçün 2500-6000 avro aralığında pul alınıb.
Polis xatırladıb ki, əvvəllər də saxta dil sertifikatları ilə bağlı araşdırmalar aparılıb. Lakin bu dəfə şəxsiyyəti təsdiqləyən sənədlər üzərində genişmiqyaslı saxtakarlıq edildiyi üzə çıxıb. Dəstə üzvləri imtahana girən “vəkil” şəxslərin fotolarını imtahana girməli olan şəxslərin kimlik məlumatları ilə birləşdirərək qanunsuz sənədlər hazırlayıblar. İmtahan nəzarətçiləri saxtakarlığı aşkar edə bilməyib. Nəticədə xeyli adamın haqı çatmaya-çatmaya yaşayış icazəsi və ya vətəndaşlıq əldə etdiyi güman olunur.
Araşdırmanın mərkəzində 39 yaşlı iraqlı dayanır. O, həbs edilib. 22 yaşlı bir alman da var - başqa şəxs adından imtahana girməyə cəhd edərkən yaxalanıb.
Şimali Reyn-Vestfaliya əyalətindəki bir dil məktəbində də 10 nəfərin başqaları adından imtahana girdiyi müəyyən edilib.
Səlahiyyətlilər araşdırmanın ölkə üzrə genişləndiyini və onlarla adama qarşı istintaq başlanacağını bildirirlər.
Sarvan Səmədoğlu,
Almaniya