Medianews.az
Azərbaycanlı baş redaktor: “Tarixə yeni final cütü yazılsın”
146 baxış

Azərbaycanlı baş redaktor: “Tarixə yeni final cütü yazılsın”

İyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilən 23-cü dünya futbol çempionatı finişə yol alıb. Yarımfinal (Fransa – İspaniya, İngiltərə – Argentina) 14-15 iyula, üçüncü yer oyunu və final 19 iyula təyin olunub.

Yarımfinalçıların hər biri titul sahibidir. İngiltərə 1966-cı ildə, Argentina 1978, 1986 və 2022-ci illərdə, Fransa 1998 və 2018-ci illərdə, İspaniya 2010-cu ildə dünya çempionu olub.

Əvvəlki 22 çempionatın daha 4 qalibi var. 1930 və 1950-ci illərdə Uruqvay, 1934, 1938, 1982 və 2006-cı illərdə İtaliya, 1954, 1974, 1990 və 2014-cü illərdə Almaniya (Qərbi Almaniya), 1958, 1962, 1970, 1994 və 2002-ci illərdə Braziliya zəfər əldə edib.

İtaliya 23-cü dünya çempionatına çıxa bilməyib, Uruqvay qrupda qalıb, Almaniya 1/16 finalda, Braziliya 1/8 finalda ələnib.

Beləliklə, 2026-cı ilin dünya çempionatı əvvəlki çempionlardan birinin qələbəsi ilə bitəcək. Bəs kimin? Argentina dördüncü, Fransa üçüncü, yoxsa İngiltərə və ya İspaniya ikinci çempionluğa sevinəcək?

Medianews.az-ın sorğusunu cavablandıran “Futbol+” qəzetinin və Football-plus.az saytının baş redaktoru Mahir Rüstəmli deyib:

“Bilirəm ki, böyük əksəriyyət Fransanın çempion olacağını düşünür. Sonra İspaniya gəlir. Argentina ilə İngiltərə isə təxminən eyni dərəcədə şanslıdır.

Şəxsən mən İngiltərə – İspaniya finalının olmasını və futbolun yaradıcılarının, yəni İngiltərənin qalıb gəlməsini istəyirəm. Biz artıq Argentina – Fransa finalını görmüşük, qoy dünya çempionatının tarixinə yeni final cütü yazılsın.

Digər tərəfdən, İngiltərə millisinin kapitanı Harri Keyn "Tottenhem" klubuna və futbola sədaqətinə, centlmen obrazına görə dünya çempionu olmağa ən azı Argentina millisinin kapitanı Lionel Messi ilə Fransa yığmasının kapitanı Julian Mbappe qədər layiqdir.

İspaniya milli komandasının hücumçusu Lamin Yamal isə hələ yeniyetmədir, irəlidə belə titullar uğrunda mübarizə aparmaq üçün yetərincə vaxtı olacaq”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun