Rəqəmsal platformaların, xüsusilə elektron və audio kitabların sürətlə yayılması fonunda Azərbaycan kitab sənayesinin gələcəyi və gənc oxucuların kitaba marağının necə artırılacağı barəsində ictimaiyyət arasında müzakirələrə səbəb olur. Bu prosesdə nəşriyyatların, müəlliflərin və dövlət qurumlarının rolu, eləcə də mövcud əməkdaşlıq mexanizmlərinin effektivliyi diqqət mərkəzindədir.
Mədəniyyət Nazirliyin-dən Medianews-a bildirilib ki, rəqəmsal platformaların, xüsusilə elektron və audio kitabların geniş yayılması Azərbaycan kitab sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyur. Qeyd olunub ki, bu platformalar müasir oxucunun yeni nəşrlərə daha sürətli və rahat çıxışını təmin etməklə yanaşı, ölkədə mütaliə mədəniyyətinin inkişafına da mühüm töhfə verir.
Nazirliyin məlumatına görə, son illərdə bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Tabelikdə olan kitabxanaların fondlarının rəqəmsallaşdırılması prioritet istiqamət kimi müəyyən edilib. Hazırda Azərbaycan Milli Kitabxanasının fonduna daxil olan 1 milyon 801 min 388 adda kitab elektronlaşdırılıb.
Bundan əlavə, F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən görmə, eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün uyğunlaşdırılmış 34 adda nəşrin hazırlanaraq kitabxananın rəsmi internet saytında oxucuların istifadəsinə verildiyi bildirilib. Nazirlik bu addımların inklüziv mütaliə mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sorğuda gənc oxucuların kitaba marağının artırılması məsələsinə də toxunulub. Bu məqsədlə nəşriyyatlar, müəlliflər və dövlət qurumları arasında mövcud əməkdaşlıq hansı səviyyədədir və bu əməkdaşlığın daha effektiv qurulması üçün hansı mexanizmlər vacib hesab olunur?
Nazirlikdən deyilib ki, bu istiqamətdə nəşriyyatlar, müəlliflər və dövlət qurumları arasında əməkdaşlıq davamlı şəkildə həyata keçirilir. Nazirliyin sifarişi əsasında müasir oxucu tələblərinə uyğun nəşr məhsulları hazırlanaraq tabelikdə olan kitabxanaların fondlarına daxil edilir.
Eyni zamanda, nazirliyin tabeliyində fəaliyyət göstərən kitabxanalarla müəlliflər və nəşriyyatlar arasında əməkdaşlıq çərçivəsində il ərzində tanınmış yazarlarla görüşlər, kitab təqdimatları, sərgilər, oxu həftələri, müsabiqələr və müxtəlif interaktiv layihələrin təşkil olunduğu qeyd edilib. Bu tədbirlərin gənclərin mütaliəyə cəlb olunmasında və kitabın sosial-mədəni dəyər kimi mövqeyinin gücləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
Sonda vurğulanıb ki, gələcəkdə dövlət və özəl sektor arasında əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal nəşrlərin təşviqi və innovativ oxu layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Oğuz Ayvaz