Medianews.az
Ortaq gigiyena vasitələri hansı
62 baxış

Ortaq gigiyena vasitələri hansı fəsadlara yol açır?

Eyni hamam süngərinin (lifin) hətta ailə üzvləri arasında ortaq istifadəsi dəri xəstəliklərinə və infeksiyaların yayılmasına səbəb ola bilər.

Bu barədə terapevt Şota Kalandiya "Gazeta.ru"ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, süngərlər mikroorqanizmlərin çoxalması üçün ideal mühit yaradır. Hamam süngəri davamlı olaraq nəm qalır, həmçinin dəridəki ölü hüceyrələr və yağlarla təmasda olur. Hətta diqqətlə yuyulduqda belə, onun lifləri arasında bakteriya, göbələk və digər zərərli mikroblar qala bilər.

"İstifadə zamanı süngər həmin şəxsin fərdi mikroflorasını özündə toplayır. Bu, normal prosesdir, lakin ortaq istifadə zamanı mikrob mübadiləsi baş verir. Həmin mikroblar arasında isə patogen orqanizmlər ola bilər", - deyə Kalandiya izah edib.

Terapevt qeyd edir ki, bu zaman göbələk infeksiyalarının ötürülmə riski xüsusilə yüksəkdir. Mikoz yaradan amillər nəm mühitdə uzun müddət yaşayır və asanlıqla başqasına keçə bilir. Nəticədə digər şəxsdə qaşıntı, qabıqvermə və dəri çatları yarana bilər. Bundan əlavə, ortaq süngər vasitəsilə follikulit, irinli səpkilər və sızanaqların kəskinləşməsi kimi bakterial infeksiyalar da yayılır.

"Dəridə mikroskopik çatlar və ya sıyrıntılar olduqda yoluxma ehtimalı kəskin artır. Bu zədələr infeksiya üçün "giriş qapısı" rolunu oynayır", - deyə həkim xəbərdarlıq edib.

Həkim xatırladıb ki, yaxın qohumluq əlaqələri belə mikrob mübadiləsindən qorumur, çünki hər bir insanın mikroflorası fərdidir. Əsas qayda budur ki, ailənin hər bir üzvünün özünəməxsus şəxsi gigiyena vasitələri - süngəri, dəsmalı və təraş aparatı olmalıdır. Həmçinin hamam süngərini vaxtaşırı dəyişdirmək, hər istifadədən sonra yaxşıca yuyub tam qurutmaq vacibdir./oxu.az

Bizə qoşulun