Medianews.az
Sənaye müəssisələri niyə filtr quraşdırmaqdan yayınır? –
92 baxış

Sənaye müəssisələri niyə filtr quraşdırmaqdan yayınır? – Ekoloq səbəbləri AÇIQLADI

Azərbaycanda ətraf mühitin qorunması və atmosfer havasının təmiz saxlanılması son illər daha aktual məsələlərdən birinə çevrilib. Xüsusilə sənaye müəssisələrinin havaya buraxdığı zərərli tullantılar ekoloji tarazlığa və insan sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər hesab edir ki, hava təmizləyici filtr sistemlərinin quraşdırılması atmosfer çirklənməsinin azalmasında mühüm rol oynayır. Bəs bəzi müəssisələr niyə bu tələblərin icrasından yayınır və nəzarət tədbirləri kifayət qədər effektivdirmi? Atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün sahibkarlar və aidiyyəti qurumlar hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən ekoloq Cavid Hüseynov bildirib ki, ətraf mühitin, xüsusilə atmosfer havasının mühafizəsi həm qanunvericilik, həm də dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən biridir.

Onun sözlərinə görə, sənaye müəssisələrinin ekoloji tələblərə tam əməl etməməsi və nəzarət mexanizmlərinin effektivliyi bu sahədə mövcud olan əsas problemlər sırasındadır.

Ekspert qeyd edib ki, sənaye müəssisələrinin müasir filtr sistemləri quraşdırmaqdan yayınmasının bir neçə əsas səbəbi var.

“Bunlardan biri iqtisadi maraqlar və xərclərin optimallaşdırılmasıdır. Yüksək keyfiyyətli müasir təmizləyici qurğuların alınması, quraşdırılması və texniki xidməti kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyindən bəzi sahibkarlar qısamüddətli gəlirləri uzunmüddətli ekoloji öhdəliklərdən üstün tuturlar.

Digər səbəb isə texnoloji gerilikdir. Bir çox sənaye obyektləri köhnəlmiş, istismar müddətini başa vurmuş avadanlıqlarla fəaliyyət göstərir. Belə müəssisələrdə müasir filtr sistemlərinin inteqrasiyası texniki baxımdan mürəkkəb və ya səmərəsiz ola bilər.

Bəzi hallarda müəssisə rəhbərləri ekoloji normalara riayət etməyin biznesin davamlı inkişafı üçün vacibliyini kifayət qədər dərk etmir və ya qanunvericilikdə nəzərdə tutulan cərimələri ekoloji tələblərə əməl etmək üçün çəkiləcək xərclərdən daha sərfəli hesab edirlər”, – deyə o bildirib.

Cavid Hüseynov vurğulayıb ki, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tullantılara nəzarət üçün hüquqi baza yaradır:

“Lakin nəzarətin effektivliyi bir sıra çətinliklərlə üzləşir. Əsas problemlərdən biri monitorinq imkanlarının məhdudluğudur. Müəssisələrin atmosferə atdığı tullantıları 24/7 rejimində izləyən avtomatik monitorinq sistemləri hələ də bütün obyektlərdə tətbiq olunmayıb ki, bu da nəzarəti çətinləşdirir.

Digər problem isə insan amilidir. Yoxlamalar zamanı aşkar edilən pozuntulara görə tətbiq olunan cərimələrin məbləği çox vaxt müəssisələrin vurduğu ekoloji ziyana adekvat olmur. Bu da qanun pozuntularının qarşısının alınmasına maneə yaradır”.

Ekoloq hesab edir ki, problemin həlli üçün kompleks tədbirlər həyata keçirilməlidir:

“İlk növbədə, sahibkarlar arasında ekoloji məsuliyyət artırılmalı və "yaşıl iqtisadiyyat" prinsiplərinə keçid sürətləndirilməlidir. Müasir filtrasiya sistemlərinin tətbiqi uzunmüddətli perspektivdə müəssisələrin nüfuzunu artırır, onları beynəlxalq standartlara, o cümlədən ISO tələblərinə uyğunlaşdırır və yüksək cərimə riskini azaldır.

Bununla yanaşı, enerjiyə qənaət edən və tullantıları minimuma endirən təmiz texnologiyalar geniş tətbiq olunmalıdır.

İri sənaye müəssisələrində tullantı mənbələrinə avtomatik sensorlar quraşdırılmalı, əldə olunan məlumatlar isə real vaxt rejimində mərkəzləşdirilmiş sistemə ötürülməlidir.

Müasir təmizləyici qurğular quraşdıran müəssisələr üçün vergi güzəştləri və aşağı faizli "yaşıl kreditlər" kimi stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir.

Eyni zamanda, ekoloji qanunvericiliyi pozan müəssisələrə tətbiq olunan cərimələr daha sərt olmalı, təkrar pozuntuların qarşısını alacaq səviyyəyə çatdırılmalıdır.

Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) prosesində ictimai nəzarət və müstəqil ekspertizanın daha şəffaf və ciddi şəkildə həyata keçirilməsi də mühüm əhəmiyyət daşıyır.

Atmosfer havasının qorunması yalnız inzibati nəzarətlə deyil, həm də iqtisadi stimulların tətbiqi və cəmiyyətin ekoloji maarifləndirilməsi ilə mümkün ola bilər”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun