Türkiyənin Muğla vilayətinin Milas rayonunda dünən saat 17:03 (Bakı vatı ilə 18:03) radələrində başlayan meşə yanğını hələ də davam edir.
Medianews.az xəbər verir ki, alovun yaşayış məntəqələri və turizm obyektlərinə yaxınlaşması səbəbindən 350 otel və 770 istirahət kompleksi boşaldılıb. Ümumilikdə 1120 turist və yerli sakin təhlükəsiz ərazilərə köçürülüb.
Muğla valisi İdris Akbıyık bildirib ki, Gürçamlar–Bozbük istiqamətində yanğının söndürülməsi fasiləsiz davam edir. Onun sözlərinə görə, insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülüb və təxliyə nəzarətli şəkildə həyata keçirilib.
Yanğına gündüz saatlarında havadan 12 helikopter və 8 təyyarə cəlb olunub. Gecə saatlarında isə 517 nəfərlik şəxsi heyət quru ərazidə söndürmə işlərini davam etdirir.
Əməliyyata həmçinin 62 yanğınsöndürən avtomobil, 29 su tankeri, 11 buldozer, 3 ekskavator, 6 ilkin müdaxilə maşını, 4 TOMA, 4 təcili tibbi yardım avtomobili və digər xüsusi texnika cəlb edilib.
Vali yanğının başvermə səbəbinin hələ müəyyənləşdirilmədiyini, hadisə ilə bağlı jandarma əməkdaşlarının araşdırmaya başladığını bildirib.
Səlahiyyətli qurumlar yüksək temperatur, aşağı rütubət və güclü küləyin yanğının söndürülməsini çətinləşdirdiyini, alovun nəzarət altına alınması istiqamətində işlərin fasiləsiz davam etdiyini açıqlayıb.