Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 29,9 milyon ABŞ dolları dəyərində 919 ədəd avtomobil ixrac edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 41 %, kəmiyyət olaraq - 53 % azdır. Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Bu ilin ilk 3 ayı ərzində Gürcüstan xarici ölkələrə 364,5 milyon ABŞ dolları dəyərində 14 min 237 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 27 % və 30 % azdır. Hesabat dövründə Gürcüstandan Qırğızıstana 183,6 milyon ABŞ dolları dəyərində 4 min 459 ədəd, Qazaxıstana 85,9 milyon ABŞ dolları dəyərində 5 min 422 ədəd, Tacikistana 20,2 milyon ABŞ dolları dəyərində 1 min 250 ədəd, Ermənistana 13,75 milyon ABŞ dolları dəyərində 596 ədəd avtomobil tədarük edilib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycana Gürcüstandan avtomobil idxalı azalsa da, digər ölkələrdən idxalda kəskin azalma yoxdur:
“Bizim ölkəmizə müxtəlif ölkələrdən, müxtəlif marşrutlarla avtomobillər gətirilir, idxal olunur. Ona görə biz yalnız Gürcüstan marşrutundan asılı deyilik. Bu səbəbdən də Gürcüstandan idxal olunan avtomobillərin sayının azalması bizim daxildə avtomobil bazarımıza mənfi təsir etmir. Bunun bir neçə səbəbi var. İlk növbədə qeyd edim ki, Gürcüstanın özündə avtomobil idxalı ilə bağlı müəyyən qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Birincisi, orda artıq Avro-5 standartı qəbul olunub. Bu standartlara cavab verməyən avtomobillər Gürcüstana idxal oluna bilməz. Həmçinin yaşı yeddi ildən çox nəqliyyat vasitələrinin də idxalı orda artıq məhdudlaşdırılıb. Bu da bir qədər təsir edir. Həmçinin deməli artıq Trans-Xəzər marşrutu da fəaliyyətə başlayıb. Yəni Uzaq Şərqdən, Çindən nəqliyyat vasitələri bu marşrutla daşına bilir. Azərbaycan kimi ölkələr Çindən avtomobili artıq dəniz vasitəsilə yox, birbaşa olaraq Çindən dəmir yolu vasitəsilə də öz ölkəsinə idxal eləyə bilir. Bu məsələlər Gürcüstanın ümumi avtomobil bazarına, təkrar ixrac siyasətinə təsir edib”.
Yəni, Gürcüstanda tətbiq edilən yeni ekoloji standartlar və Azərbaycana birbaşa Çindən dəmir yolu ilə maşın gətirilməsi Gürcüstan bazarını arxa plana keçirib.
30.04.2026, 06:53
75
baxış
Zara Editor