Medianews.az
"Gizli qatil"in ayaq səsləri — Bədəndəki bu dəyişikliklərə qarşı diqqətli olun
79 baxış

"Gizli qatil"in ayaq səsləri — Bədəndəki bu dəyişikliklərə qarşı diqqətli olun

Xərçəng xəstəliyinin erkən mərhələdə aşkarlanması üçün universal analiz yoxdur. Bu barədə tibb elmləri namizədi Dmitri Bulanov məlumat verib. Həkimin fikrincə, təsadüfi müayinələr əvəzinə, yaşa və cinsə uyğun müntəzəm skrininqlərdən keçmək ən effektiv yoldur.

Demokrat.az xəbər verir ki, mütəxəssis onkoloji xəstəliklərdən qorunmaq və onları vaxtında müəyyən etmək üçün konkret fəaliyyət planını açıqlayıb.

Onun sözlərinə görə, yoxlanış onkoloqdan deyil, terapevt və ya ailə həkimindən başlamalıdır. Məhz bu mütəxəssis şikayətləri və risk faktorlarını dəyərləndirərək xəstəni lazımi profil üzrə – ginekoloq, uroloq, dermatoloq və ya digər həkimlərə yönləndirir. Onkoloqa isə artıq ciddi şübhələr və ya müayinələrdə narahatlıq doğuran dəyişikliklər aşkarlandıqda müraciət edilir.

Həkim bildirib ki, bədəndəki hər hansı bərkimələr, səbəbsiz çəki itkisi, uzunmüddətli zəiflik, xroniki öskürək və ya xalların sürətlə dəyişməsi ciddi siqnaldır.

"Süd vəzisində və ya yumşaq toxumalarda bərkimə, nəcisdə, sidikdə qan izləri, udma çətinliyi və ya sağalmayan yaralar həkimə müraciət üçün əsas səbəb olmalıdır. Əgər bu simptomlar bir neçə həftə davam edərsə, onları yorğunluğun ayağına yazıb keçmək olmaz" - deyə Dmitri Bulanov vurğulayıb.

Erkən diaqnostika üçün mammoqrafiya, uşaqlıq boynu xərçəngi üçün testlər və kolonoskopiya kimi müayinələr mütləqdir. Qan analizləri və ya ultrasəs müayinəsi (USM) köməkçi vasitələr olsa da, yekun diaqnoz yalnız biopsiya nəticəsində qoyulur. Onkomarkerlər isə sağlam insanların kütləvi yoxlanışı üçün yararlı deyil.

Mütəxəssis əlavə edib ki, riskləri azaltmaq üçün dispanserizasiyanı təxirə salmamaq, ailəvi xəstəlik tarixçəsini bilmək və zərərli vərdişlərdən imtina etmək lazımdır. Yuxusuzluq və xroniki yorğunluq da immuniteti zəiflədərək xərçəng riskini artıran amillər sırasındadır.

Yəni, xərçəngi vaxtında tutmaq üçün bütün xəstəlikləri göstərən "sehirli" analiz axtarmaq deyil, şikayətlərə qarşı həssas olmaq və müntəzəm profilaktik müayinələrdən keçmək vacibdir.

Bizə qoşulun