Medianews.az
Azərbaycanda problemli kreditləri artıran budur –
154 baxış

Azərbaycanda problemli kreditləri artıran budur – İZAH

Mərkəzi Bankın hesabatına görə, aprelin 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin məbləği 619,6 milyon manata çatıb.

2026-cı ilin əvvəlinə problemli kreditlər 524,5 milyon manat göstərilmişdi.

Üç ayda 95,1 milyon manat artım var. Niyə?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, problemli kreditlərin artmasının əsas səbəbi istehlak kreditləri ilə bağlıdır: “İstehlak kreditləri şişir. Vətəndaşlar ehtiyaclarını ödəmək üçün daha çox kreditə möhtac qalırlar və kredit üçün müraciət edirlər. Bəzi hallarda başqa kredit növlərinə nisbətən istehlak kreditlərinin götürülməsi mexanizmi də asanlaşıb. Amma bəzi vətəndaşlar aldıqları kreditləri qaytara bilmirlər. Ona görə problemli kreditlərin artmasının əsas səbəbi kimi məhz istehlak kreditlərini göstərmək gərəkdir.

Hələ ki, artım o qədər də kəskin və təhlükəli həddə deyil. Problemli kreditlər ümumu kredit portfelinin haradasa 1,6-1,7 faizi civarındadır. Dünya praktikasında belə hesab olunur ki, ümumi kredit portfelinin 3 faizindən çoxu problemli kreditə çevriləndə bank sektorunda böyük problem yaranır. Bizdə hələ ki, göstərici 3 faizdən aşağıdır. Amma tendensiya pisdir. Tendensiya ondan ibarətdir ki, hər rübdə biz problemli kreditlərin artdığının şahidi oluruq”.

Medianews.az xatırladır ki, 2015-ci ilə ölkədə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alınıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı il 1 milyard 508,5 milyon manat, 2017-ci il 1 milyard 472,6 milyon manat, 2018-ci il 1 milyard 626,7 milyon manat, 2019-cu il 1 milyard 585 milyon manatla başlayıb.

2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.

2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat, 2025-ci ilə 449,1 milyon manat olub.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun