“Efirləri ürəkağrısı ilə izləyirəm. Öz-özümə deyirəm ki, heyif bu sənətdən nə günlərə qaldı! “Sevil” tamaşasında Sevil deyir ki, “nə günlərə qaldın, Balaş”. Mən də deyirəm ki, nə günlərə qaldın, ay sənət! Bu aparıcılar varee.. Bilmirsən kimdən danışırlar? Vay-vay-vay.. Hamını da tərifləyirlər. Halbuki it dəftərində adları yoxdur. Tərifin də yeri var, tərif yaxşı şeydir. Tərif də cızığından çıxmamalıdır. Dünənki uşağı elə təqdim edirlər ki, sanki bundan yoxdur. O vaxtı nə belə təriflər var idi, nə də efirlərə hər adamı buraxırdılar. Yoxlayırdılar, baxırdılar, sənətinə, fəaliyyətinə”. Bunu Medianews.az-a açıqlamasında xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev deyib.

O daha sonra əlavə edib: “Bütün bunlar hamısı sənətin ucuzluğundan əmələ gəldi. Bir məsəl var ee, deyir “Həsən də qəlyan çəkir, Hüseyn də, tütünün bolluğundan”. Bunu yəqin ki, eşitmisiz. Aləm bir-birinə qarışıb. Bu biyabırçılığı yaxşı təbliğatla yığışdırmaq olar. Gərək bəzi telekanallar ya ləğv olunsun, ya da onlara qadağa qoyulsun. Hər adam efirə çıxa bilməz. Efirə çıxan qadınlar görün nə gündədir. Ancaq dodaq və burunları görünür, başqa şey yoxdur aa. Hamısı eyni tərzdə və eyni görünüşdədir. Geyimlərini, paltarlarını göstərirlər, sənəti yada salan yoxdur”.
O daha sonra müğənni Manaf Ağayevin bəzi gənc həmkarlarına “Şahnaz” muğamını oxumağı qadağan etdiyinə belə münasibət bildirib:
“O qadağa edir? Manaf hara, “Şahnaz” muğamı hara? Onun oxuyacağı muğam deyil axı. Ola bilər ki, müğənni kimi oxuyar, amma xanəndə kimi, “Şahnaz”-ı olduğu kimi oxuya bilməz. Hər adamın işi deyil axı. Gərək ustad görəsən, sənətkar görəsən. Muğamı ələ salırlar. Muğamı hər adam oxuya, girişə bilməz. Muğam bizə dədə-babalarımızdan yadigar qalıb. Bunu korlamaq lazım deyil. Tək-tük adamlar ola bilər ki, fitri istedadla yetişə bilərlər. Amma gərək müəllim görəsən, ustadlarla ünsiyyətdə olasan ki, yetişəsən”.