“Komedixana” layihəsi ilə tanınan aktyor Mənsur Şərif ilə bağlı mağaza qalmaqalı gündəmə gəlib.
Yasamal rayonu, İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən “Sherif man” kişi geyimləri mağazası fəaliyyətini dayandırıb. İddialara əsasən, mağazanın bağlanmasına səbəb icarəçi ilə yaranmış borc mübahisəsidir. Bildirilir ki, aktyorun adı hallanan obyekt üzrə 20 min manatdan artıq icarə borcu formalaşıb, eyni zamanda satışların zəif olması da maliyyə problemlərini dərinləşdirib.
Məlumatda qeyd olunur ki, borcun ödənilməsində çətinliklər yarandığı üçün mağaza bağlanıb.
Məsələ ilə bağlı açıqlama verən Mənsur Şərif isə deyilənləri qismən təkzib edib. O bildirib ki, sözügedən mağaza ona məxsus deyil:
“Mağaza mənim deyil, dostumundur. Sadəcə reklam işlərini aparıram, qarşılıqlı dəstək göstəririk. Obyekt icarə idi, icarəçi ilə problem yarandı və qiyməti artırdı. Buna görə də məcbur olub obyekti təhvil verdik”.
Beləliklə, aktyor borc iddialarını birbaşa üzərinə götürməsə də, mağazanın bağlanmasını təsdiqləyib və səbəb kimi icarə şərtlərindəki dəyişiklikləri göstərib.(qaynarinfo)