Cənubi Koreyada keçmiş daxili işlər naziri Li Sanq-min 2024-cü ildəki çevriliş cəhdində keçmiş prezident Yun Sok-Yola kömək etdiyinə görə 7 il həbs cəzasına məhkum edilib.
Məhkəmə keçmiş naziri hərbi vəziyyətin tətbiqi kimi müəyyən etdiyi çevriliş cəhdində əsas rol oynamaqda günahkar bilib.
Prokurorlar Li Sanq-mini Yun Sok-yola kömək etməkdə və polisə və yanğınsöndürənlərə o vaxtkı administrasiyanı tənqid edən media qurumlarının yerləşdiyi binalara elektrik enerjisi və suyu bağlamağı əmr etməkdə ittiham edərək, ona 15 illik həbs cəzası istəmişdilər.
Hakim hökm oxuyarkən bildirib ki, üsyan aktları demokratiyanın əsas dəyərlərinə zərər verir və məqsədlərinə çatıb-çatmamasından asılı olmayaraq, ağır cəza qaçılmazdır.
Məhkəmə prosesi zamanı Li Sanq-min hərbi vəziyyətin planlaşdırılmasında hər hansı bir iştirakını inkar edib və keçmiş prezidentin fərmanının üsyan elanı hesab edilə bilməyəcəyini bildirib.
Li Sanq-min 3 dekabr 2024-cü ildə hərbi vəziyyətin tətbiqinə görə məhkum edilən Yun Sok-yolun kabinetinin ikinci üzvü olub. Yanvar ayında keçmiş baş nazir Han Duk-su qiyam təşkilatçısına, yəni keçmiş Cənubi Koreya prezidentinə kömək etdiyinə görə 23 il həbs cəzası alıb.
Yun Sok-yolun özünə qarşı ölkədə hərbi vəziyyətin tətbiq edilməsi cəhdi ilə bağlı səkkiz cinayət işi açılıb. Prokurorluq ona üsyan işi üçün ölüm cəzası istəyib. Hökm 19 fevralda oxunacaq./Musavat.com