İran tərəfindən İsrailə atılan raketlər nəticəsində Tel-Əviv və ətraf bölgələrdə siren siqnalları işə düşüb, bir sıra ərazilərdə partlayış səsləri eşidilib.
Medianews.az xəbər verir ki, İranın cavab atəşi zamanı mərkəzi İsraildə bir neçə nöqtədə zərbələr qeydə alınıb. Bildirilir ki, çoxbaşlı raketin parçaları Tel-Əviv yaxınlığında yerləşən Nes Ziona və Lod şəhərlərində müxtəlif ərazilərə düşüb. Mütəxəssislər həmin hissələrin birbaşa raket zərbəsi və ya qəlpə ola biləcəyini istisna etmirlər.
İsrail ordusu İrandan atılan raketlər səbəbilə hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini və raketlərin havada zərərsizləşdirilməsinə cəhd edildiyini açıqlayıb. Hücum zamanı Tel-Əvivdə iki dəfə hava həyəcan siqnalları səslənib və müdafiə sistemlərinin işləməsi nəticəsində göydə partlayışlar müşahidə olunub.
Məlumata görə, İran tərəfindən atılan raketlərdən biri İsrailin cənubunda yerləşən Eilat şəhərinə birbaşa düşüb.
İsrailin təcili tibbi yardım xidmətləri hadisə nəticəsində üç nəfərin yaralandığını açıqlayıb. Yaralılardan ikisinin vəziyyətinin yüngül olduğu bildirilib. Qəlpə zədəsi alan şəxslərə tibbi yardım göstərilir.
İsrail ordusu xilasetmə qruplarının ölkənin mərkəzi bölgələrində baş verən hadisələrə müdaxilə etdiyini bildirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi ərazilərdə ciddi maddi ziyanın yarandığı görünür.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra regionda gərginlik daha da artıb. Müharibənin artıq 15-ci gününə daxil olduğu bildirilir və İran tərəfi cavab hücumlarını davam etdirir.
Medianews.az

