İran millisinin baş məşqçisi Əmir Qalenoi komandasını 2026-cı il dünya çempionatının “ən sıxışdırılan komandası” adlandırıb.
Medianews.az xəbər verir ki, mütəxəssis Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçədən sonra yığmanın ABŞ-də qalmasına icazə verilmədiyini bildirib.
Onun sözlərinə görə, komanda bərpa prosesi üçün Kaliforniyada gecələməyi planlaşdırsa da, dərhal Meksikanın Tixuana şəhərindəki bazasına qayıtmağa məcbur edilib.
Qalenoi bu qərarı “çox qəribə” adlandıraraq futbolçuların və məşqçilərin baş verənlərə təsir imkanının olmadığını deyib.
Məşqçi həmçinin İran Futbol Federasiyasının nümayəndələrinin, jurnalistlərin və texniki heyətin bir hissəsinin mundial zamanı komandanın yanında olmadığını vurğulayıb. O, bəzi əməkdaşların ABŞ vizası ala bilmədiyini və bunun hazırlıq prosesinə mənfi təsir göstərdiyini qeyd edib.
Xatırladaq ki, İran millisinin dünya çempionatında iştirakı da bir müddət sual altında olmuşdu. Bundan əlavə, iranlı azarkeşlər üçün ayrılmış bilet kvotasının ləğv edildiyi, eləcə də nümayəndə heyətinin bir neçə üzvünə ABŞ vizasının verilmədiyi bildirilmişdi.
İran millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 21-də Belçikaya, iyunun 27-də isə Misirə qarşı keçirəcək.
Medianews.az