ABŞ və İsrailin hücumları fonunda gərginlik artarkən, İran Basra körfəzi sahilində yerləşən Buşehr Atom Elektrik Stansiyasının ərazisinə raket düşdüyünü açıqlayıb.
Medianews.az xəbər verir ki, rəsmi məlumata görə, obyekt zərər görməyib, itki qeydə alınmayıb.
İran Atom Enerjisi Təşkilatı bildirir ki, raket stansiya sahəsinə düşsə də, kritik infrastruktura ziyan dəyməyib və fəaliyyət davam edir. Rəsmi Tehran nüvə obyektlərinə hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Mütəxəssislər isə nüvə obyektlərinin hədəfə alınmasının təhlükəli mərhələ olduğunu, mümkün sızmanın region və dünya üçün ciddi nəticələr yarada biləcəyini qeyd edir. İran tərəfi belə hücumların Basra körfəzi ölkələri üçün də böyük risk daşıdığını bildirib.
Qeyd edək ki, 28 fevraldan ABŞ və İsrailin hücumları ilə bölgədə qarşıdurma genişlənib. İran isə regiondakı ABŞ hərbi bazalarına zərbələrlə cavab verib. Qarşılıqlı hücumlar fonunda nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıq artır.
Buşehr AES İranın ilk fəaliyyət göstərən nüvə enerji obyektidir. 2011-ci ildə istismara verilən stansiya ölkənin enerji təminatında mühüm rol oynayır və beynəlxalq qurumların nəzarətindədir.
Son məlumatlara görə, hücumlar nəticəsində İranda ölənlərin sayı 1300-dən çox, yaralananların sayı isə 17 mini keçib.
Medianews.az