Türkiyədə NATO qüvvələrinin, o cümlədən ABŞ hərbçilərinin yerləşdiyi İncirlik bazasında martın 13-ü gecə həyəcan siqnalı verilib.
Medianews.az bildirir ki, hələlik NATO məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.
Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri İrandan bu baza istiqamətində iki raket atılıb, hər ikisi göydə vurulub.
İncirlik Adana əyalətinin şəhəridir. Martın 12-də Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, İncirlik Türkiyə bazasıdır: “Amerika əsgərlərinin mövcudluğu onun ABŞ bazası olması demək deyil. 10-cu Hava Komandanlığı Adana əyalətinin İncirlik şəhərində yerləşir. Burada F-16 qırıcı təyyarələrimiz, tanker donanmamız və pilotsuz uçuş aparatlarımız yerləşir. Bütün obyektlər Türkiyəyə məxsusdur”.
Türkiyə mediasında yer alan xəbərlərə görə, İncirlikdə martın 13-ü gecə həyəcan siqnalı saat 3:30 radələrində eşidilib və təxminən beş dəqiqə davam edib.
2015-ci ildə İncirlikdə NATO missiyası çərçivəsində İspaniya ordusuna məxsus “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirilib.
İncirlik bazasında ABŞ və İspaniyadan başqa Polşa və Qətərdən olan hərbçilər də xidmət keçir.