Medianews.az
İdrak liseyində dərslər davam edir, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir
186 baxış

İdrak liseyində dərslər davam edir, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir

“İdrak liseyinin Bakı filialında baş vermiş insident liseydə dərsə davamiyyətə mənfi təsir göstərməyib, şagirdlərin hamısı vaxtlı-vaxtında dərslərə gəlir”. Bunu fevralın 11-də Medianews.az-a liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov deyib.

Hüquq mühafizə orqanlarının insidenti araşdırdığını xatırladan Möhsün Alışov istintaqın hərtərəfli və obyektiv nəticə ortaya qoyacağına tam əmin olduğunu vurğulayıb.

O, liseyin hadisədə yaralanan müəlliməsi Şəhla Kamilovanın səhhətinin stabil olduğunu söyləyib.

TƏBİB-dən də Medianews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəhla Kamilovanın müalicəsi Kliniki Tibbi Mərkəzin neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

İdrak liseyi Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. İlk dəfə 2008-ci ildə Sumqayıt şəhərində yaradıb. 2014-cü ildə liseyin Bakı filialı fəaliyyətə başlayıb.

Bakı filialı Binəqədi rayonu ərazisində, Ziya Bünyadov küçəsində yerləşir.

2026-cı il fevralın 6-da liseyin Bakı filialında 10-cu sinif şagirdlərindən biri səhər dərsə gələrkən atasının ov tüfəngini də götürüb, çantasında gizlədərək liseyin binasına keçirib. Şagird həmin silahla liseyin gənc müəlliməsi Şəhla Kamilovaya atəş açıb.

Güllə yarası alan müəllimə dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polislər insidenti törədən şagirdi tutublar. Prokurorluq faktla bağlı cinayət işinə başlayıb. Məhkəmə şagird barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun