Medianews.az
İcra başçıları ilə bağlı yeni vəziyyət -
65 baxış

İcra başçıları ilə bağlı yeni vəziyyət - Bunları etməsələr…

Vaxtaşırı vətəndaşlar rayon və kəndlərdəki problemlərin həllində icra başçılarından narazılıqlarını bildirirlər. Onlar deyirlər ki, müraciət etdikdə, bəzən başçıdan “bu məsələ mənim səlahiyyətimdə deyil” cavabını alırlar.

Bəs icra başçısının səlahiyyətlərinə nə daxildir və onun vəzifəsi nədən ibarətdir?

Globalinfo.az-a danışan siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşir hesab edir ki, tutduğu vəzifədən asılı olmayaraq hər kəs işinə ciddi məsuliyyətlə yanaşmalıdır.

O bildirib ki, Azərbaycanda vəzifəli şəxslərin səlahiyyətləri normativ hüquqi aktlarla aydın şəkildə müəyyənləşdirilib və hər bir şəxs öz fəaliyyətinin öhdəsindən həmin çərçivədə məsuliyyətlə gəlməlidir:

“Bu, müzakirə mövzusu deyil. Rayonlarda icra başçılarının fəaliyyəti son dövrlərdə cəmiyyətdə geniş müzakirə olunur. Səslənən fikirlər arasında həm də qeyd edilir ki, mövcud icra hakimiyyəti sistemləri bəzi hallarda özünü tam doğrultmur. Bu məsələyə baxaraq daha optimal idarəetmə formalarının tətbiqi mümkündür. Zaman, tələblər və ölkənin inkişaf səviyyəsi dəyişir. Azərbaycan isə bu gün sürətlə inkişaf edən ölkələrdən biridir. Dövlətimizin qarşısında yeni hədəflər var və buna uyğun olaraq dövlət idarəetmə sistemi də təkmilləşdirilir. Dövlət idarəetmə sisteminin çevikliyi və səmərəliliyi həmişə diqqət mərkəzində olub, kadrların keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli addımlar atılıb. Bununla yanaşı, regionların idarə olunması məsələsinə də yenidən baxmaq vacibdir və bu məsələlər konstitusiyada öz əksini tapmalıdır. Hazırda yeni yanaşma mövcuddur, xüsusən işğaldan azad edilmiş ərazilərdə Prezidentin nümayəndələri fəaliyyət göstərir və bu təcrübə özünü doğruldur”.

İcra başçıları ilə bağlı yeni vəziyyət – Bunları etməsələr...

Elşad Mirbəşir

E.Mirbəşir qeyd edib ki, icra başçılarını ölkə Prezidenti vəzifəyə təyin edən zaman qarşılarına aydın şəkildə vəzifələr qoyur:

“Onlar vətəndaşlara həssas münasibət göstərməli, onların qayğıları ilə maraqlanmalı və kommunikasiyanı sağlam qurmalıdırlar. Əhali üçün problemlərin həlli onların səlahiyyətləri daxilində olmalıdır, əks halda, mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etməlidirlər. İradə və arzu olduğu halda regionların idarə olunmasında səmərəlilik əhəmiyyətli dərəcədə artırıla bilər. Prezidentin tövsiyələrinə diqqət yetirilməsi vacibdir və icra başçılarının hesabatlılığının genişləndirilməsi də onlardan asılıdır. Fəaliyyət barədə sistemli hesabatların ictimailəşdirilməsi həm ictimaiyyətin, həm də mərkəzi icra hakimiyyəti orqanlarının işini aydınlaşdırır. Burada kompleks yanaşma tətbiq olunmalıdır”.

Müsahibim sonda onu da vurğulayıb ki, rayonların idarə olunması məsələsi diqqət mərkəzindədir:

“Konstitusiyamızda icra hakimiyyətlərinin səlahiyyətləri aydın şəkildə müəyyənləşib. Məlumat əldə etmək vətəndaşlar üçün əlçatandır və onlar səlahiyyət çərçivəsində problemlərini rahat qaldıra bilirlər. Eyni zamanda, Prezident hər zaman prosesləri nəzarətdə saxlayır və lazım olduqda zəruri addımlar atır. Bu gün texnologiya o dərəcədə inkişaf edib ki, artıq ölkə başçısına müraciət etmək imkanları genişdir. Rayonlarda icra hakimiyyətinin səmərəliliyinin artırılması və idarəetmənin optimallaşdırılması ölkə Prezidentinin birbaşa nəzarəti altında aparılır”.

Bizə qoşulun