Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlıses 4 milyon dollarlıq fırıldaqla aldadıldığını açıqlayıb.
Medianews.az xəbər verir ki, o, yaşadığı bu ağır maddi zərbədən sonra artıq daha ehtiyatlı davrandığını bildirib.
Kanal D-də yayımlanan və aparıcısı Asiye Acar olan "Pazar Gezmesi" proqramında İzmirdəki evinin qapılarını tamaşaçıların üzünə açan sənətçi həm İstanbuldan köçməsinin səbəblərindən, həm də ailədaxili mübahisələrdən danışıb.
Tatlıses İstanbuldan ayrılmaq qərarını “Xəyanət yaşadım” sözləri ilə izah edib. Onun sözlərinə görə, İzmirdə yaşasa da, tam rahatlıq tapmayıb. 4 milyon dollarlıq dələduzluq qurbanı olduğunu deyən sənətçi bildirib ki, bu hadisədən sonra daha diqqətli olmağa başlayıb:
“Mən şəfqətliyəm, amma vicdanım müəyyən şeyləri etməyə icazə vermir. Pulum heç vaxt tükənmir, sadəcə azalır”.
Sənətçi ailə üzvləri ilə bağlı da sərt fikirlər səsləndirib. O, oğlu Ahmet Tatlıın Manisada 5 mənzil satdığını, lakin bacı-qardaşlarına pay vermədiyini iddia edib.
Tatlıses qızı Dilan Çıtakla münasibətlərinə də toxunaraq deyib ki, çətin vəziyyətlərdə atasının adından istifadə edilir, amma problem olmayanda ondan uzaq durulur.
“Qohumların bir-birinə etdiyini əqrəb belə etməz”, – deyə sənətçi əlavə edib.
Bu yaxınlarda İzmirin Narlıdere rayonunda yerləşən, 168 mənzilli lüks yaşayış kompleksində yanğın baş verib. Hadisə nəticəsində 40 mənzilə ciddi ziyan dəyib. Yanğın zamanı İstanbulda olan Tatlıses birbaşa təsirlənməyib.
Sənətçi evinin artıq tam təmir edildiyini bildirib. O, yanğında 15 banka turşunun yanmasına görə təəssüf etdiyini də vurğulayıb və sağlam qidalara xüsusi önəm verdiyini qeyd edib.
Beləliklə, həm maddi itkilər, həm də ailədaxili gərginliklərlə gündəmə gələn İbrahim Tatlıses çətinliklərə baxmayaraq, mövqeyini qoruduğunu və həyatına davam etdiyini bildirib.
Medianews.az