Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasından yeddi aya yaxın vaxt ötür. Xatırladaq ki, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini iki ölkənin xarici işlər nazirləri ötən il avqustun 8-i Vaşinqtonda paraflayıblar.
Sazişin özünün isə nə vaxt imzalanacağı bilinmir. Azərbaycan imza üçün Ermənistan Konstitusiyasının yenilənməsi şərtini qoyur.
Bəzi ekspertlər sülh sazişinin Ermənistan Konstitusiyası yenilənənə qədər imzalanmasını, onun parlamentdə təsdiqlənməsini sonraya saxlamağı təklif edir.
Azərbaycanla Ermənistan arasında sülh sazişi Ermənistanda konstitusiya dəyişənə qədər də imzalana bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu bildirib ki, Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin imzalanması üçün rəsmi Bakının yeganə tələbi Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasıdır: “Bu tələb yerinə yetirilməyənədək sənədə son imzaların atılması olduqca çətin görünür. Lakin regionda vəziyyəti daha da təhlükəli edə biləcək və sülh üçün yeni təhdidlər yarada biləcək hallar baş verərsə, alternativ variantların nəzərdən keçirilməsi də mümkündür. Bu ehtimal çox aşağıdır, amma istisna deyil. Bu, sülhü hədəf alan qonşu imperialist dövlətlərin təhdidlərinin nə dərəcədə real olmasından asılı ola bilər.
Əgər Ermənistanda sülh müqaviləsini imzalaya biləcək yeganə siyasi komanda – Nikol Paşinyan hakimiyyəti devrilər və yerinə daha radikal qüvvələr gələrsə, sənədin tamhüquqlu qüvvəyə minməsi üçün müəyyən addımların atılması nəzərdən keçirilə bilər. Bu, zəif ehtimaldır, lakin siyasətdə heç nə tam istisna olunmur.
Ümid edək ki, regionda sülhü təhdid edən güc mərkəzlərinin mövqeyi fövqəladə qərarların qəbulunu zəruri edəcək həddə çatmayacaq. Bunun baş verib-verməyəcəyini isə Ermənistanda seçki tarixi yaxınlaşdıqca daha aydın proqnozlaşdırmaq mümkün olacaq”.
Ermənistanda parlament seçkiləri bu il iyunun 7-nə təyin edilib.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib.
1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və Dağlıq Qarabağ Milli Şurası adlı qondarma qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.
1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğal altına düşüb.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Nailə Qasımova,
Medianews.az