ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin onun tarif siyasətinə vurduğu ağır zərbədən cəmi bir gün sonra “qlobal tarifi” 15%-ə qədər yüksəltdiyini elan edib.
Medianews.az xəbər verir ki, Ağ Ev rəhbəri bu qərarını “Truth Social” hesabında paylaşaraq Ali Məhkəmənin qərarını “Amerika əleyhinə” və “məntiqsiz” adlandırıb:
“Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, on illərdir ölkəmizi talayan dövlətlərə tətbiq edilən 10%-lik rüsumu dərhal qüvvəyə minmək şərtilə, qanunla icazə verilən maksimum həddə – 15%-ə qaldırıram”.
Xatırladaq ki, fevralın 20-də Ali Məhkəmə 6-3 səs çoxluğu ilə Trampın fövqəladə səlahiyyətlərə (IEEPA) əsaslanaraq tətbiq etdiyi əvvəlki tarifləri qanunsuz sayaraq ləğv etmişdi. Buna qəzəblənən Tramp hakimləri “xarici maraqlara xidmət etməkdə” ittiham edib və dərhal 1974-cü il Ticarət Aktının 122-ci maddəsini (balans ödənişləri problemi zamanı 150 günlük müvəqqəti tarif səlahiyyəti – red.) dövriyyəyə salıb.
Məlumat üçün bildirək ki, yeni 15%-lik tarifin fevralın 24-dən etibarən tətbiq ediləcəyi gözlənilir. İqtisadçılar bu addımın qlobal ticarətdə yeni xaos yaradacağını və ABŞ-nin indiyədək topladığı 287 milyard dollarlıq rüsumların geri qaytarılması məsələsinin daha da mürəkkəbləşəcəyini bildirirlər.