Hindistan paytaxtı Nyu-Delhidə 21 nəfərin ölümü ilə nəticələnən yanğının baş verdiyi hotelin sahibi həbs edilib.
Bu barədə PTI agentliyi yerli polisə istinadən məlumat yayıb.
Bildirilib ki, hotelin sahibi dindirmə zamanı rəhbəri olduğu kompleksin idarəçiliyini menecerə həvalə etdiyini və bütün müvafiq lisenziyaların onun adına rəsmiləşdirildiyini söyləyib. Hüquq-mühafizə orqanları sözügedən şəxsi də axtarışa verib.
Tutulan şəxs bildirib ki, binanı 2022-ci ildə alıb və sonradan onu pansionat-hotel kimi istifadə etməyə başlayıb.
Müstəntiqlər həmçinin hotelin lisenziya tələblərini pozaraq fəaliyyət göstərib-göstərmədiyini araşdırır.
İlkin məlumatlara görə, müəssisənin yalnız altı otaq üçün icazəsi olub. Lakin burada təxminən 25 otağın qonaqların istifadəsinə verildiyi ehtimal edilir.
Yada salaq ki, dəhşətli yanğın dünən səhər saatlarında baş verib. Hadisə zamanı 21 nəfər ölüb, 47 nəfəri xilas etmək mümkün olub. Yanğının qurbanlarının 18-i xarici ölkə vətəndaşıdır. Onların arasında Qırğızıstan, Əfqanıstan, Banqladeş, Liberiya, Mozambik, Nigeriya və Somalidən olan şəxslər var.
Müstəntiqlər yanğının səbəbini araşdırır.//Oxu.Az