Əsrlər boyu bəşəriyyət gələcəyi görməyə çalışıb – peyğəmbərlərin öncəgörmələrindən tutmuş alimlərin proqnozlarınadək müxtəlif iddialar irəli sürülüb. Ancaq tarix göstərib ki, bu peyğəmbərliklərin əksəriyyəti öz təsdiqini tapmayıb.
Medianews.az lent.az-a istinadən böyük səs-küyə səbəb olan, lakin gerçəkləşməyən beş məşhur proqnozu təqdim edir.
2012-ci ildə dünyanın sonu
Ən çox müzakirə olunan öncəgörmələrindən biri 2012-ci il dekabrın 21-də dünyanın sonunun gələcəyi ilə bağlı idi. Bu iddia Maya təqviminin başa çatması ilə əlaqələndirilirdi və bir çoxları təqvimin bitməsi ilə bəşəriyyətin də məhv olacağını düşünürdü.
KİV-də qlobal təbii fəlakətlərdən tutmuş sirli səma cisimləri ilə toqquşmaya qədər müxtəlif nəzəriyyələr yayılmışdı. Lakin dekabrın 21- heç bir fəlakət olmadan keçdi və geridə yalnız uğursuz apokalipsis barədə zarafatlar qaldı.
Nostradamusun "böyük fəlakət" proqnozu
Məşhur fransız münəccimi Nostradamus 1999-cu ildə "ən böyük fəlakət"in baş verəcəyini yazmışdı. Onun sözləri qlobal xaosa səbəb ola biləcək dağıdıcı hadisələr barədə xəbərdarlıq kimi şərh edilirdi.
Bəziləri bunu iqlim dəyişiklikləri ilə, digərləri isə dünya müharibələri təhlükəsi ilə əlaqələndirirdi. Lakin 1999-cu il ciddi qlobal hadisələr olmadan başa çatdı və Nostradamus daha çox müəmmalı, lakin hər zaman doğru çıxmayan öncəgörmələrin müəllifi kimi tarixdə qaldı.
Dolça dövrü
Bir çox astroloq və mistik hesab edirdi ki, 2000-ci ildən etibarən bəşəriyyət "Dolça dövrü"nə qədəm qoyacaq. Bu dövrün mənəvi yüksəliş, harmoniya və elmi tərəqqi ilə yadda qalacağı iddia edilirdi.
Lakin gözlənilən ümumi rifah və ideal cəmiyyət formalaşmadı. Cəmiyyətdə müəyyən dəyişikliklər baş versə də, romantik gözləntilər özünü doğrultmadı. Bu isə astrologiyaya qarşı skeptik münasibəti daha da gücləndirdi.
"Min illik sülh"
1990-cı illərdə bəzi xristian icmaları arasında 2000-ci ildən başlayacaq "min illik sülh" dövrü haqqında müzakirələr geniş yayılmışdı.
İnanılırdı ki, Məsih Yer üzündə hökmranlıq edəcək və insanlığa əmin-amanlıq, sülh və harmoniya gətirəcək. Lakin yeni əsr çoxsaylı münaqişələr və böhranlarla başladı. Gözləntilərlə reallıq arasındakı fərq bir çox insanı məyus etdi.
"Zamanın sonu" və Y2K problemi
Minilliyin dəyişməsi ərəfəsində insanlar "2000-ci il problemi" və ya Y2K adlanan kompüter nasazlığından ciddi şəkildə narahat idilər.
Hesab olunurdu ki, milyonlarla kompüter 2000-ci il yanvarın 1-nə keçə bilməyəcək və bu, qlobal texnoloji fəlakətə səbəb olacaq. Proqnozlar həyat təminatı sistemlərinin dayanmasından rabitənin tamamilə sıradan çıxmasına qədər uzanırdı.
Lakin yeni il ciddi problemlər olmadan başladı və qlobal texnoloji böhranla bağlı qorxular gerçəkləşmədi.