Hamiləlik dövründə ayaq, bilək və əllərdə yaranan şişkinliklər (ödəm) çox vaxt normal sayılır, lakin bu vəziyyət yalnız artıq maye ilə bağlı deyil.
Medianews.az xəbər verir ki, bədəndə qan həcminin artması, hormonal dəyişikliklər və böyüyən uşaqlığın qan dövranına təzyiq etməsi əsas səbəblər sırasındadır.
Hamiləlik zamanı qan həcmi artır və bu, dölün qidalanması üçün vacibdir. Lakin bu artım mayenin damar xaricinə çıxaraq toxumalarda toplanmasına səbəb olur. Xüsusilə ayaq və biləklərdə şişkinlik daha çox müşahidə edilir.
Progesteron kimi hormonlar damarları genişləndirir və qan dövranını yavaşladır. Eyni zamanda böyrəklərdə su və duzun tutulması da artır.
Uşaqlığın böyüməsi aşağı ətraflarda damarların sıxılmasına gətirib çıxarır və bu da qan axınını zəiflədir.
Uzun müddət ayaqüstə qalmaq, az hərəkət və isti hava ödemi daha da artırır. Günün sonunda şişkinliyin güclənməsi bu səbəblərlə bağlıdır.
Əksər hallarda ödem fizioloji sayılır. Lakin qəfil yaranan, üz və göz ətrafında güclü şişkinlik, yüksək təzyiq və baş ağrısı ilə müşayiət olunan hallar ciddi problem – hamiləlik zəhərlənməsi əlaməti ola bilər.
Ayaq və biləklərdə gün ərzində artıb istirahətlə azalan şişkinliklər normal hesab edilir. Lakin sürətlə artan və yayğın ödəm halları mütləq həkim nəzarətində olmalıdır.
Medianews.az