Medianews.az
Fransada hantavirusa ilk yoluxma
102 baxış

Fransada hantavirusa ilk yoluxma təsdiqləndi

Fransa həkimləri "MV Hondius" kruiz laynerindən (gəmisindən) təxliyə edilən qadın cinsli ölkə vətəndaşında hantavirusa yoluxma halını təsdiqləyiblər.

Bu barədə Fransanın səhiyyə naziri Stefani Rist "France Inter" radiosuna açıqlama verib.

"Hantavirus təhlilləri müsbət nəticə göstərib", - deyə o, daha əvvəl virusun simptomlarının müşahidə olunduğu qadından danışarkən bildirib.

Stefani Rist deyib ki, qadın bir neçə digər fransalı ilə birlikdə gəminin göyərtəsində olub. Onun sözlərinə görə, bu sərnişinin vəziyyəti mayın 10-da təyyarə ilə Fransaya qayıtdıqdan sonra gecə pisləşib:

"Xəstə yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış xəstəxanada müalicə keçir, burada palatalarda virusun yayılmasının qarşısını almaq üçün bir sıra qoruyucu tədbirlər görülüb".

O əlavə edib ki, Fransada səlahiyyətlilər hantavirusa yoluxmuş şəxslərlə təmasda olan 22 nəfəri müəyyən ediblər. Daha əvvəl Fransanın Baş naziri Sebastyan Lekornyu hökumətin ölkə əhalisini hantavirusdan qorumaq üçün müvafiq tədbirlər görəcəyinə söz vermişdi.

Xatırladaq ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verdeyə gedən "MV Hondius" kruiz laynerində hantavirusun yayıldığını elan edib. Gəmidə bir neçə yoluxma halı qeydə alınıb və həmin şəxslərdən üçünün həyatını xilas etmək mümkün olmayıb.

Mayın 10-da gəmi İspaniyanın Tenerife adasının limanına çatıb və bundan sonra sərnişinlərin təxliyəsi əməliyyatı başlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus insanların 10 uçuşda təxliyə edilməsinin planlaşdırıldığını bildirib. 14 İspaniya vətəndaşından ibarət ilk sərnişin qrupu paytaxtdakı xəstəxanalardan birinə aparılıb./oxu.az

Bizə qoşulun