Parisin Cinayət Məhkəməsi Fransanın sabiq prezident Nikola Sarkozini Liviya hakimiyyətindən qanunsuz maliyyə almaq ittihamı ilə başlamış iş üzrə qismən təqsirli bilib.
Medianews.az bildirir ki, xəbər sentyabrın 25-də yayılıb. Prokurorluq Nikola Sarkoziyə 7 il həbs və 300 min avro cərimə kəsilməsini, onun 5 il seçilmək hüququndan məhrum olunmasını istəyib.
1954-cü il təvəllüdlü Nikola Sarkozi Fransa prezidenti postunu 2007-2012-ci illərdə tutub. İttiham tərəfi onun prezident seçildiyi dövrün kampaniyası üçün Liviya lideri Müəmmər Qəzzafidən siyasi dəstək müqabilində külli miqdarda pul aldığını iddia edir.
Müəmmər Qəzzafi 1969-2011-ci illərdə Liviyaya rəhbərlik edib, 2011-ci il oktyabrın 20-də öldürülüb.
2021-ci il martın 1-də Nikola Sarkozi korrupsiya ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin cəzanın 2 ili şərti cəza olub.
2021-ci il sentyabrın 30-da Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2012-ci ilin prezident seçkisində Nikola Sarkozinin kampaniyası qanunsuz maliyyələşdirilib.
2023-cü il mayın 17-də Nikola Sarkozi 3 il müddətinə azadlıqdan məhrum edilib. Siyasətçi korrupsiya və nüfuz alverində təqsirli bilinib. Cəzanın 2 ili şərti cəza olub.
Fransa qanunları 2 ildən az real həbs cəzası alan şəxsin cəzanı ev şəraitində çəkməsinə imkan verdiyi üçün Nikola Sarkozi tutulmayıb.
Toğrul Əli,
Medianews.az