Ermənistan parlamentinin sədri Alen Simonyan yeni çağırış parlamentdə deputat mandatını qəbul etməyəcəyini və parlament rəhbərliyi ilə vidalaşacağını açıqlayıb. Hakim “Mülki Müqavilə” Partiyasının parlament sədri postuna başqa namizəd irəli sürməsindən sonra verilən bu qərar İrəvanın siyasi gündəminin əsas mövzularından birinə çevrilib.
Alen Simonyan bildirib ki, parlament sədri kimi fəaliyyətini davam etdirmək istəsə də, partiyanın qərarına hörmət edir və buna görə də mandatdan imtina edir. İlk baxışda adi kadr dəyişikliyi kimi görünən bu addım əslində Nikol Paşinyanın hakimiyyət daxilində yeni siyasi düzən formalaşdırmağa başladığını göstərən mühüm siqnallardan biri hesab olunur.
Simonyanın gedişi təkcə bir vəzifə dəyişikliyi deyil, Paşinyanın seçkilərdən sonra komandasını yenidən qurmaq strategiyasının tərkib hissəsidir. Son parlament seçkilərində hakimiyyətini qoruyan Paşinyan indi hökumət və parlament daxilində daha çevik, daha loyal və qarşıdakı mürəkkəb geosiyasi mərhələyə uyğun komanda formalaşdırmağa çalışır. Parlament sədrliyinə Türkiyə ilə normallaşma danışıqlarında Ermənistanın xüsusi nümayəndəsi kimi tanınan Ruben Rubinyanın gətirilməsi də təsadüfi görünmür. Bu dəyişiklik həm Azərbaycan və Türkiyə ilə münasibətlər, həm də Ermənistanın xarici siyasət kursu baxımından yeni mərhələnin başladığını göstərən addım kimi qiymətləndirilə bilər.
Bu proses Ermənistan daxilində baş verən digər siyasi dəyişikliklərlə də üst-üstə düşür. Paşinyan hakimiyyəti bir tərəfdən Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirir, digər tərəfdən isə Rusiyanın təsir imkanlarını mərhələli şəkildə zəiflətməyə çalışır. Avropa İttifaqının Ermənistana yeni maliyyə dəstəyi paketi, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində verilən mesajlar və Qərblə siyasi yaxınlaşma bunun göstəricisidir. Eyni zamanda Moskva İrəvanın bu kursundan narahatlığını gizlətmir və Ermənistan üzərində iqtisadi-siyasi təsir rıçaqlarını qorumağa çalışır.
Daxili siyasi müstəvidə də Paşinyanın mövqeyi güclənməkdə davam edir. Müxalifət seçkilərdən sonra gözlənilən səviyyədə konsolidasiya ola bilməyib, keçmiş hakimiyyət nümayəndələrinin siyasi təsiri isə əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Bunun fonunda Paşinyan həm hakim partiyada kadr yenilənməsinə gedir, həm də qərarvermə mexanizmini daha mərkəzləşdirilmiş model üzərində qurmağa çalışır. Simonyanın gedişi də məhz bu transformasiyanın ilk və ən diqqətçəkən addımlarından biri kimi görünür.
Bütün bunlar onu göstərir ki, Ermənistanda söhbət yalnız parlament sədrinin dəyişməsindən getmir. Ölkə seçkilərdən sonra həm daxili hakimiyyət strukturunu yenidən formalaşdırır, həm də xarici siyasətdə yeni prioritetlər müəyyənləşdirir. Qarşıdakı dövrdə hökumətdə və digər mühüm dövlət institutlarında da oxşar kadr dəyişikliklərinin baş verməsi istisna edilmir. Bu isə Ermənistanın həm daxili siyasi balansına, həm də regiondakı geosiyasi proseslərə birbaşa təsir göstərə biləcək yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.\Bakıvaxtı.az