Medianews.az
Ermənistanda seçki qaydası yenilənib
88 baxış

Ermənistanda seçki qaydası yenilənib

Ermənistanın Mərkəzi Seçki Komissiyası iyunun 7-nə təyin olunmuş parlament seçkisinin yenilənmiş qaydaları ilə bağlı arayış yayıb.

Medianews.az bildirir ki, yeni tələbə görə, proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faizini toplamalıdır.

İki partiyadan ibarət bloklar üçün keçid həddi 8 faiz, üç və daha çox partiyadan ibarət bloklar üçün 10 faizdir.

Partiyalar qeydiyyat üçün 7,5 milyon dram, bloklar 15 milyon dram seçki depoziti qoymalıdır.

Azı 101 nəfərdən ibarət qanunverici orqanın səlahiyyət müddəti 5 ildir. Heç bir blok və ya partiya mandatların üçdə ikisindən çoxunu ala bilməz.

Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 52 faizi tələb olunur. Ən çox mandat qazanmış partiya və ya bloka koalisiya yaratmaq üçün 9 gün vaxt verilir.

2021-ci ildə seçilmiş indiki qanunverici orqan 107 nəfərlikdir. Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, müxalif qüvvələrin – sabiq prezident Robert Köçəryana bağlı Ermənistan blokunun 28, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

Medianews.az

Bizə qoşulun