Medianews.az Ermənistanda baş nazir kürsüsü uğrunda mübarizəyə qoşulmuş şəxslərin siyahısına nəzər salıb.
İyunun 7-si Ermənistanda parlament seçkisi keçiriləcək. Proporsional sistemlə formalaşan qanunverici orqana düşmək üçün partiyalar 4 faiz, bloklar 8-10 faiz səs toplamalıdır. Hökumət qurmaq üçün mandatların 52 faizini almaq tələb olunur.
Hakim Vətəndaş Sazişi Partiyası baş nazirliyə lideri Nikol Paşinyanı namizəd göstərib.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.
Müxalif Ermənistan blokunun baş nazirliyə namizədi partiyasız Robert Köçəryandır. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimə başçılıq edib. 1997-ci ilin martında Ermənistanın baş naziri təyin olunub. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan baş nazir kürsüsünə “Ermənistana təklif” təşəbbüsünün namizədidir. 1956-cı il təvəllüdlü Qaqik Sarukyan biznesmendir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib. 2004-cü ildən Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir.
Güclü Ermənistan bloku Samvel Karapetyanı baş nazir görmək istəyir. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. 2026-cı ilin yanvarında təsis olunmuş Güclü Ermənistan Partiyasının lideridir.
Erməni Milli Konqresi Partiyasının baş nazirliyə namizədi Levon Zurabyandır. Bu partiyaya sabiq prezident Levon Ter-Petrosyan liderlik edir. 1945-ci il təvəllüdlü Levon Ter-Petrosyan 1990-cı ildən Ermənistanın dövlət başçısı olub, 1991-1998-ci illərdə prezident postunu tutub.
1964-cü il təvəllüdlü Levon Zurabyan Levon Ter-Petrosyanın prezidentliyi dövründə dövlət başçısının köməkçisi, mətbuat katibi postlarını tutub, 2012-2017-ci illərdə parlamentin deputatı olub.
Yeni Qüvvə Partiyasının baş nazirliyə namizədi qurumun lideri Ayk Marutyandır. 1976-cı il təvəllüdlü Ayk Marutyan 2018-2021-ci illərdə paytaxt Yerevanın meri olub.
“Birlik qanadı” təşəbbüsü baş nazirliyə lideri Arman Tatoyanı namizəd göstərib. 1981-ci il təvəllüdlü Arman Tatoyan 2016-2022-ci illərdə ombudsman postunu tutub.
Ermənistan parlamenti azı 101 nəfərdən ibarət olur. 2021-ci ildə seçilmiş indiki qanunverici orqan 107 nəfərlikdir. Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, Robert Köçəryana bağlı Ermənistan blokunun 27, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.
Toğrul Əli,
Medianews.az