Medianews.az
Ermənistan: seçki yarışının ilkin siyahısı bilindi
182 baxış

Ermənistan: seçki yarışının ilkin siyahısı bilindi

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisinə 17 siyasi partiya, 2 blok qoşulur.

Medianews.az-ın məlumatına görə, ilkin rəsmi siyahını aprelin 23-də Mərkəzi Seçki Komissiyası açıqlayıb.

Proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar etibarlı səslərin 4 faizini, bloklar 8-10 faizini toplamalıdır. Mandatların 52 faizini alan siyasi qüvvə hökumət qurmaq hüququ əldə edir.

Azı 101 nəfərdən ibarət qanunverici orqanın səlahiyyət müddəti 5 ildir. Heç bir blok və ya partiya mandatların üçdə ikisindən çoxunu ala bilməz.

Seçki yarışına qatılan siyasi partiyaların bir qismi çox da tanınmırlar və şanslı görünmürlər. Ancaq güclü sayılan siyasi qüvvələr də var.

İki partiyadan ibarət Ermənistan blokunun namizədlərinin siyahısına Robert Köçəryan başçılıq edir. 1954-cü il təvəllüdlü Robert Köçəryan 1992-1997-ci illərdə Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimə başçılıq edib. 1997-ci ilin martında Ermənistanın baş naziri təyin olunub. 1998-ci ilin fevralında prezident Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

Güclü Ermənistan blokunda üç partiya təmsil olunur. Aparıcı qüvvə Samvel Karapetyanın liderlik etdiyi Güclü Ermənistan Partiyasıdır. 1965-ci il təvəllüdlü Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən biznesmendir. 2025-ci ilin iyun ayında hakimiyyəti zorla ələ almağa çağırış ittihamı ilə həbs edilib, dekabrda ev dustaqlığına buraxılıb. Güclü Ermənistan Partiyası 2026-cı ilin yanvarında təsis olunub.

Hakim Vətəndaş Sazişi Partiyasının namizədlərinin siyahısında baş nazir Nikol Paşinyan birincidir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun, İşıqlı Ermənistan və Respublika partiyalarının daxil olduğu “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək taxtdan düşüb.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

Çiçəklənən Ermənistan Partiyasının namizədlər siyahısında lideri Qaqik Sarukyan öndədir. 1956-cı il təvəllüdlü Qaqik Sarukyan biznesmendir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. 2003, 2007, 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib.

Erməni Milli Konqresi Partiyasının siyahısına Levon Zurabyan başçılıq edir. Bu partiyanın lideri sabiq prezident Levon Ter-Petrosyandır. 1945-ci il təvəllüdlü Levon Ter-Petrosyan 1990-cı ildən Ermənistanın dövlət başçısı olub, 1991-1998-ci illərdə prezident postunu tutub.

1964-cü il təvəllüdlü Levon Zurabyan Levon Ter-Petrosyanın prezidentliyi dövründə dövlət başçısının köməkçisi, mətbuat katibi postlarını tutub, 2012-2017-ci illərdə parlamentin deputatı olub.

İşıqlı Ermənistan Partiyası siyahının önünə sədri Edmon Marukyanı çıxarıb. 1981-ci il təvəllüdlü Edmon Marukyan 2012, 2017, 2018-ci illərdə parlamentin deputatı seçilib. O, 2017-ci ilin seçkisində indiki baş nazir Nikol Paşinyanın partiyasının da daxil olduğu “Çıxış” blokundan mandat alıb. Bir müddət Nikol Paşinyanın yaxın müttəfiqi kimi tanınan Edmon Marukyan 2022-2024-cü illərdə xüsusi tapşırıqlar üzrə səfir kimi fəaliyyət göstərib.

Respublika Partiyasının siyahısında lideri Aram Sərkisyan ilk sırada yer alır. 1961-ci il təvəllüdlü Aram Sərkisyan 1999-2000-ci illərdə ölkənin baş naziri olub.

Yeni Qüvvə Partiyasının siyahısına lideri Ayk Marutyan başçılıq edir. 1976-cı il təvəllüdlü Ayk Marutyan 2018-2021-ci illərdə paytaxt Yerevanın meri olub. O da bir müddət Nikol Paşinyanın yaxın müttəfiqi kimi tanınıb.

Birlik Qanadı Partiyasının siyahısında lideri Arman Tatoyan birincidir. 1981-ci il təvəllüdlü Arman Tatoyan 2016-2022-ci illərdə ombudsman postunu tutub.

2021-ci ildə seçilmiş indiki parlament 107 nəfərlikdir. Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, Robert Köçəryana bağlı Ermənistan blokunun 27, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.

Medianews.az

Bizə qoşulun