“Anklav məsələsi dəfələrlə müzakirə olunub, belə bir məsələ var və bu, demarkasiya prosesi çərçivəsində qeydə alınmalıdır”.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan çıxış edib.
O, bildirib ki, burada gizlədiləcək bir məsələ yoxdur: “Bu mərhələdə mübadilə məsələsi ola bilməz, çünki əvvəlcə anklavlar demarkasiya olunmalıdır. Demarkasiya prosesinin hansısa mərhələsində, bilmirəm, ortasında, sonunda və ya hansında anklav məsələsi də həll olunmalıdır. Bu, Ermənistan və Azərbaycan arasında demarkasiya prosesinin bütün protokolları təsdiqləndikdən sonra imzalanmalıdır”, - deyə o qeyd edib.
Xandanyanın sözlərinə görə, Ermənistanın dövlət sərhədi haqqında saziş imzalanmalı və həmin saziş təsdiqlənməli, demarkasiya işləri aparılmalıdır. “O zaman Ermənistan və Azərbaycan anklav məsələsinin necə həll ediləcəyinə qərar verəcəklər. Birdən-birə, hansısa ssenaridə Ermənistan və Azərbaycanın ərazi mübadiləsi aparması qərara alınarsa, bu məsələ Ermənistan Respublikasının qanunvericiliyinə əsasən referendum olmadan baş tuta bilməz, buna görə də referendum keçirilməlidir. Hökumətin belə bir qərar vermək səlahiyyəti yoxdur”, - deyə o bildirib.
Xandanyan həmçinin deyib: “Ermənistan Respublikasının 29.743 kvadrat kilometr ərazisi var və bu sərhədlərdən kənarda vətən axtarmır”.
Xandanyan vurğulayıb ki, bütün proseslər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır.