Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün zəruridir.
Medianews.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.
"Hazırda müəyyən iş prosesləri gedir və münasib məqam yaranan kimi demarkasiya prosesi davam etdiriləcək. ... Əlbəttə, bütün bunlar yerində də baş verəcək, çünki kommunikasiyaların və TRIPP layihəsinin işə salınması üçün ən azı sərhədin bu hissələri demarkasiya olunmalıdır", - deyə Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin hansı mərhələdə olduğu barədə suala cavab verərkən bildirib.
O qeyd edib ki, hazırda ərazidə aktiv işlər aparılır və xəbərlər ortaya çıxan kimi bu barədə məlumat veriləcək.
"Bunlar incə yanaşma tələb edən işlərdir. Hazırda bu incəliklərin nəzərə alınması üçün sənədlərin hazırlanması istiqamətində iş aparılır", - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin ("Tramp marşrutu") istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri "Sülh və Dövlətlərarası Münasibətlər haqqında" Sazişi paraflayıblar.