Yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynə bənzədildiyini iddia edən türkiyəli Rıfat Özdemir adlı şəxs bu səbəbdən yaşadığı Kayseri şəhərini tərk etməli olub.
Qafqazinfo xəbər verir ki, Özdemir bu addımı insanların, qonşuların ona olan mənfi baxışlarından narahat olduğu üçün atdığını bildirib.
O, ilk dəfə qohumları tərəfindən Epşteynə bənzədildiyini, lakin həmin vaxt bu şəxs haqqında ümumiyyətlə xəbərsiz olduğunu söyləyib.
“Daha sonra xəbərlərdə baxdım və sosial mediadan kim olduğunu öyrəndim. Belə bir adama bənzədilmək istəmirəm. Məni o insanlara bənzətməyin. Mən normal işində-gücündə olan sadə bir vətəndaşam. Bənzərlik ola bilər. Bu, bədbəxt bir hadisədir...Yolda gəzərkən insanlar mənə sərt ifadə ilə baxırlar. Bir söz demirlər, amma təəccüblənmiş səs tonu ilə “Epşteynə bənzəyir” deyirlər”, - o bildirib.
Rıfat Özdemir amerikalı milyarderə bənzəməmək üçün saç düzümünü dəyişməyi və saqqal saxlamağı düşündüyünü də bildirib: “Mən Epşteyn deyiləm. Kayseridən belə pis adamlar çıxa bilməz”.
Kayserini tərk edərək Ankaraya yola düşən Özdemir burada bir həftəlik evdən kənara çıxmayacağını və vəziyyətin sakitləşməsini gözləyəcəyini dilə gətirib.

