Medianews.az
DTX-nin məlumatında adı çəkilənlər
85 baxış

DTX-nin məlumatında adı çəkilənlər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdinin qarşısının alınması barədə 12 fevral məlumatında ümumilikdə 8 nəfərin adı çəkilir:

yazıçı-dramaturq, kinorejissor Rüstəm İbrahimbəyov,

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev,

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov,

AXCP sədri Əli Kərimli,

AXCP üzvü Fuad Qəhrəmanlı,

AXCP üzvü Məmməd İbrahim,

jurnalist Qənimət Zahid,

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Eldar Əmirov.

Medianews.az bildirir ki, Rüstəm İbrahimbəyov vəfat edib, Ramiz Mehdiyev ev dustaqlığında, Əli Kərimli, Məmməd İbrahim, Eldar Əmirov həbsdə, Abbas Abbasov, Qənimət Zahid, Fuad Qəhrəmanlı xaricdədir.

Xaricdə olanlar axtarışa verilib, barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.

Rüstəm İbrahimbəyov 2022-ci ildə 83 yaşında dünyadan köçüb.

Ramiz Mehdiyevin 87 yaşı var.

Abbas Abbasov 76, Qənimət Zahid 63, Əli Kərimli 60, Məmməd İbrahim 59, Fuad Qəhrəmanlı 50, Eldar Əmirov 40 yaşdadır.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274, 193-1.3.2-ci maddələri ilə təqsirləndirilir.

Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zahid 278.1-ci, Eldar Əmirov həm 278.1, həm də 32.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

32-ci maddə iştirakçılığın növləri haqqındadır. Cinayət Məcəlləsinə görə, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. 32-ci maddənin 5-ci bəndinə, yəni 32.5-ci maddəyə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

Medianews.az

Bizə qoşulun