Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) təhsil üçün xaricə göndərdiyi tələbə - mühəndis İsgəndər bəy Sultanov haqqında film çəkilib. Sənədli filmi Özbəkistan Siyasi Repressiya Qurbanları Xatirəsi Dövlət Muzeyinin dəstəyi ilə “Özbəkistan tarixi” kanalı hazırlayıb.

Özbəkistan Siyasi Repressiya Qurbanları Xatirəsi Dövlət Muzeyinin direktoru, tarix elmləri doktoru, professor Bəxtiyar Həsənov, muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhram İrzayev və ekspertiza şöbəsinin müdiri Əzizə Əhrarova filmdə İsgəndər bəyin həyatının erkən dönəmlərindən, təhsilindən və sürgün həyatından ətraflı danışırlar. Onlar həmçinin Sultanovlar nəslinin görkəmli nümayəndələri - Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, Zəngəzur Milli Polis Dəstəsinin rəisi, xalq qəhrəmanı Sultan bəy Sultanov və Azərbaycanın ilk mühəndis-texnoloqlarından Rüstəm bəy Sultanov haqqında ətraflı məlumat verirlər.
Film “Millət fədailəri” verilişinin bir buraxılışı olaraq yayımlanıb.
Bəhram İrzayev Özbəkistanın “Oyina” saytında “Özbəkistanda əbədi məskən tapan Azərbaycan oğlu - İsgəndər bəy Sultanovun taleyi” başlıqlı məqalə də dərc etdirib.

İsgəndər bəy Sultanov 25 may 1897-ci ildə Rüstəm bəy Sultanovun ailəsində doğulub. Rüstəm bəy Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasından, məşhur Sultanovlar nəslindəndir. Xosrov bəy Sultanovun və Sultan bəy Sultanovun qardaşıdır.
İsgəndər bəy 1909-1916-cı illərdə Bakı Kommersiya Məktəbində təhsil alıb. 1916-cı ildə həm Kiyev Kommersiya İnstitutuna, həm də Moskva Kommersiya İnstitutuna qəbul olub, 1916-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda təhsil alıb.
1918-ci ildə Qafqaz İslam Ordusuna qoşularaq Azərbaycanın paytaxtı Bakının azad edilməsində yaxından iştirak edib. Döyüşlərdə göstərdiyi şücaətə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa onu Osmanlı İmperiyasının “Məcidiyyə” ordeni ilə təltif edib.
1919-cu ildə Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun şəxsi mühafizəçisi olub. Qarabağın və Zəngəzurun müdafiəsi uğrunda döyüşlərdən birində sol gözünü itirib.
1919-cu ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrin sıralarına daxil edilib. 1920-1928-ci illərdə Berlindəki Şarlottenburq Politexnik İnstitutunda təhsil alıb. Bu müddətdə Almaniyada Azərbaycan Tələbələr Cəmiyyətinin katibi kimi fəaliyyət göstərib.
1933-cü ildə Azərbaycana qayıdaraq “Azneft”də (Azərbaycan SSR Neft Şirkətində) işə başlayıb. O, 1935-ci ildə həbs edilib və beynəlxalq burjuaziyaya köməklikdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilərək Orta Asiyanın ən ağır şəraitli əmək düşərgəsi olan “Sazlaq”a sürgünə göndərilib.

Son vaxtlara qədər İsgəndər bəy Sultanovun 1943-cü ildə Özbəkistanda vəfat etdiyi bilinirdi. Lakin Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin arxivindən yeni əldə etdiyim sənədlərdən məlum olur ki, İsgəndər bəy düşərgədəki ağır şəraitə etiraz etdiyi və əksinqilabi təbliğat apardığı üçün 1937-ci ildə məsuliyyətə cəlb olunub və ona güllələnmə hökmü çıxardılıb. Hökm 5 yanvar 1938-ci ildə Özbəkistanın “Malik” sovxozundakı məxfi obyektdə icra edilib. Bu xəbər İsgəndər bəyin ailəsindən qəsdən gizlədilib. 1957-ci ildə Daşkənddən İsgəndər bəyin Bakıda yaşayan anası Zeynəb xanıma Sultanovaya yalan məlumat verilərək qeyd olunub ki, guya oğlu 1943-cü ildə xəstəlik səbəbindən vəfat edib.
Özbəkistan Ali Məhkəməsi 20 sentyabr 1990-cı ildə İsgəndər bəy Sultanova repressiya qurbanı kimi bəraət verib. 19 fevral 1993-cü ildə isə Azərbaycan Respublikasının Prokurorluğu İsgəndər bəy Sultanova bəraət verib.
İsgəndər bəyin atası Rüstəm bəy Sultanov Sankt-Peterburq Texnologiya İnstitutunda təhsil almış ilk azərbaycanlılardan biri və Azərbaycanın ilk mühəndis-texnoloqlarındandır. Bacısı Leyla xanım Şeyxzadə (Sultanova) isə Azərbaycanın ilk qadın pedaqoqlarından biri və fəlsəfə elmləri doktorudur.
Toğrul Mahmudlu