ABŞ-da ifşa edilən yeni sənədlər Ceffri Epşteynlə Birləşmiş Ərəb Əmirliklərinin diplomatı Hind Əl-Oveys arasında əlaqələrə dair diqqətçəkən detalları üzə çıxarıb.
Medianews.az xəbər verir ki, sənədlərə əsasən, 2011–2012-ci illər ərzində Epşteyn və Əl-Oveys arasında geniş elektron poçt yazışmaları aparılıb, həmçinin bir neçə üzbəüz görüş baş tutub.
Yazışmalardan birində Hind Əl-Oveys Epşteynə “Şəhərdəsiniz? Bacım buradadır və mən ona sizin haqqınızda çox danışmışam... Sizinlə görüşməsini istəyirəm” ifadələrini yazıb.
2011-ci ilin oktyabrına aid digər məktubda isə Epşteyn “Bu gün evimdə gələcək işimə faydalı olacağını düşündüyüm bir nəfər var” qeydini edib. 2012-ci ilin yanvar ayına dair qeydlərdə Hind Əl-Oveys və bacısı ilə planlaşdırılmış görüşdən bəhs olunur. Həmin sənədlərdə Epşteynin “İkinizlə də daha çox vaxt keçirmək istəyirəm” ifadəsi yer alır.
Sənədlərdə bu əlaqələrin xarakteri və məqsədi barədə konkret hüquqi qiymətləndirmə verilməsə də, yazışmalar Epşteynin müxtəlif ölkələrdən olan rəsmi şəxslərlə şəxsi və peşəkar münasibətlər qurduğunu göstərir.

Qeyd edək ki, bu görüşlərdən təxminən dörd il sonra – 2015-ci ilin sentyabrında Hind Əl-Oveys Birləşmiş Millətlər Təşkilatında BƏƏ-ni təmsil edən baş məsləhətçi vəzifəsinə təyin olunub. Hazırda isə o, BƏƏ-nin İnsan Hüquqları üzrə Daimi Komitəsinin direktoru kimi fəaliyyət göstərir.
Sənədlərdə Epşteynin bu təyinatda birbaşa rol oynadığına dair açıq sübut təqdim edilmir. Lakin yazışmaların intensivliyi və sonrakı karyera yüksəlişi beynəlxalq ictimaiyyətdə müxtəlif sualların yaranmasına səbəb olub.
Məsələ ilə bağlı tərəflərin rəsmi mövqeyi açıqlanmayıb.