Medianews.az
 Ən imkanlı təbəqənin övladlarının oxuduğu liseydə baş vermiş hadisə göstərir ki...
125 baxış

Ən imkanlı təbəqənin övladlarının oxuduğu liseydə baş vermiş hadisə göstərir ki...

Ümid edirəm ki, yaralanan müəllim sağ qalar və tezliklə ailəsinə qovuşar. Əslində, bu hadisə sadə bir cinayət deyil - bu, illərdir cəmiyyətdə yanlış formalaşdırılan müəllim-şagird münasibətlərinin acı nəticəsidir.

Uzun müddət ərzində təhsil sistemində süni bir "yumşaq müəllim" modeli yaradıldı. Müəllimin məktəbdə nüfuzu sarsıdıldı, "qol-qanadı qırıldı". Bir müəllim intizam naminə səsini azca ucaldan kimi, dərhal videosu çəkilib paylaşıldı, valideynlər ən yüksək instansiyalara, nazirə şikayət edərək müəllimin işdən qovulmasına nail oldular.

Nəticədə ənənəvi "sözü kəsərli" müəllim obrazı yox oldu. Onun yerini işini itirmək qorxusu ilə yaşayan, "təki başım dinc olsun, çörəyimi qazanım" deyən, hadisələrə müdaxilə etməkdən çəkinən bir model tutdu. Bu artıq müəllim yox, təhsil işçisi oldu.

Şəxsi təcrübəmdən bilirəm ki, ən yaxşı öyrəndiyimiz fənlər məhz xarakteri və nüfuzu ilə sinifdə "güc sahibi" olan müəllimlərin dərsləri olub.

Əlbəttə, bu o demək deyil ki, müəllim şagirdə şiddət tətbiq etməlidir. Xeyr. Problem ondadır ki, müasir valideyn modeli müəllimi zəif və "mənim övladıma heç nə deyə bilməz" mövqeyində görmək istəyir. Bu yanlış yanaşma şagirdlərdə elə bir özbaşınalıq yaradır ki, onlar nəinki müəllimi saymır, hətta silahlanıb ona hücum edəcək qədər aqressivləşirlər.

Biz inkişaf etmiş ölkələrin "şagirdyönümlü" modelini gətirdik, bəs ailə institutumuz, valideyn təfəkkürümüz o inkişaf səviyyəsinə çatdımı? Məncə, yox. Ən imkanlı təbəqənin övladlarının oxuduğu liseydə belə bu hadisənin baş verməsi göstərir ki, problem təkcə maddi deyil, həm də mənəvi aşınmadadır.

Bu gün hər şey "yumşalır": nüfuzunu itirmiş müəllim, ailədəki idarəçiliyi sarsılmış ata... Amma qəribədir ki, bu "yumşalma" fonunda cəmiyyət getdikcə daha da aqressivləşir.

Problemin kökündə məhz müəllim nüfuzunun oyuncağa çevrilməsi və şagird məsuliyyətsizliyinin "toxunulmazlıq" adı altında qorunması dayanır.

Fərid Pərdəşünas,
bloqçu

Bizə qoşulun