Medianews.az
Xalq artisti ən böyük arzusundan DANIŞDI -
131 baxış

Xalq artisti ən böyük arzusundan DANIŞDI - ÖZƏL/FOTO

“Bu gün doğum günümdür. Saysız-hesabsız zənglər gəlib, hər kəs mənim üçün xoş arzularını dilə gətirib. Hətta 2 yaşlı nəvəm də məni təbrik edib. Çox sevinirəm və xoşbəxtəm ki, Azərbaycanda dünyaya göz açmışam. Allah bu səsi mənə verib. Yaxşı ki, həyatım musiqi ilə bağlı olub. Xüsusi doğum günü qeyd etmirəm. Evdə ailəmlə, yaxın qohumlarımla birlikdə süfrə arxasında əyləşmişik. İnşallah ki, gələn il yubileyimdir, sağlıq olsa onu qeyd edəcəyik. İyun ayının 6-da Xuraman xanımın ad günü idi. Birlikdə qeyd etdik, xoş arzularımızı dilə gətirdik. Allah mənim bacım Xuramana can sağlığı, uzun ömür versin. Ən böyük arzum budur”.



Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli sənətkar Fidan Qasımova deyib.

O daha sonra tələbələrindən, bu sənətə gənclərin həvəsindən danışıb:

“Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul oluram. Mən də, Xuraman xanım da uzun illərdir müəllim kimi çalışırıq. Çox savadlı, istedadlı və dünya səhnələrində çıxış edən tələbələrimİZ var. Bir tələbəm xalq artisti Əvəz Abdullayev Almaniyada yaşayır, orada opera teatrında çalışır. Tələbəm Rıza isə İtaliyada fəaliyyət göstərir. Bu gün gənclər arasında opera səhnəsinə maraq böyükdür. Çox heyif ki, Akademik Opera və Balet Teatrı hazırda təmirdədir”.

Fidan Qasımova deyir ki, opera səhnəsində fəaliyyət göstərə bilməz:

“Bu yaşda opera səhnəsinə çıxa bilmərəm, artıq gecdir. Yalnız tələbə yetişdirmək olar. Zamanında böyük rollar oynamışıq. Səhnə böyük məsuliyyətdir. İndi bu səhnədə gənclər oynamalıdır. O gəncləri də əlbəttə ki, bizlər yetişdirməliyik”.



Qeyd edək ki, Fidan Qasımova 1990-cı ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunan sənətkarın adı "Dünyanın 100 qadını" siyahısına daxil edilib.

Əli Əsgər
Medianews.az

Bizə qoşulun