Məşhur repçi Elşad Xose inzibati qaydada 15 sutkalığa həbs edilib.
Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilib.
Repçinin qərardan verdiyi şikayət təmin olunmayıb, apellyasiya instansiyası həbsi qüvvədə saxlayıb.
Bəs Elşad Xose niyə tutulub?
Ölkənin xəbər saytlarında bunun bir səbəbi barədə artıq məlumat yayılıb. Bildirilir ki, Elşad Xose paytaxtın Yasamal rayonunda, Şıxəli Qurbanov küçəsində video çəkərkən ünvansız təhqiramiz ifadələr işlədib.
Medianews.az bildirir ki, bu hərəkət İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq sayılır.
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.
Ancaq Elşad Xose İnzibati Xətalar Məcəlləsinin təkcə 510-cu maddəsi ilə yox, həm də 535.1-ci maddəsi ilə təqsirli bilinib.
535.1-ci maddə isə polisin qanuni tələbinə qəsdən tabe olmamaq haqqındadır. Belə çıxır ki, Elşad Xose polisin qanuni tələbinə qəsdən tabe olmayıb. Hər halda onun təqsirli bilindiyi maddə bundan xəbər verir. Repçinin polisə müqavimətinin təfərrüatı isə ictimaiyyətə bəlli deyil, bu haqda mediada açıqlama yayılmayıb.
535.1-ci maddəyə əsasən, polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 1 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Medianews.az qeyd edir ki, Elşad Xosenin 15 gün müddətinə həbs olunması bu cəzanın ona xırda xuliqanlığa - İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən verildiyini göstərir. Həbs qərarı polisə müqavimətə - 535.1-ci maddəyə əsasən verilsəydi, Elşad Xose 15 sutka yox, 1 ay həbs cəzası alardı.
Bəs polisə müqavimətə - 535.1-ci maddəyə görə Elşad Xoseyə hansı cəza tətbiq edilib? 200 manat cərimə - hər halda qanun bundan xəbər verir, 535.1-ci maddədə iki cəza növündən biri budur.