Medianews.az
Çimərlikdə təhlükəsizlik qaydaları -
161 baxış

Çimərlikdə təhlükəsizlik qaydaları - Hansı hallarda dənizə girmək qadağandır?

"Mayın 15-dən etibarən çimərlik mövsümü açıq elan olunub. Mövsümə hazırlıqla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib".

Medianews.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.

O bildirib ki, cari ilin aprel ayından etibarən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə birlikdə monitorinqlər keçirilib:

"Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə təlimatların təqdim edilməsi olub.

Bundan əlavə, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılıb, çimərlik ərazilərində istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr yerləşdirilib.

Bundan başqa, xidmətin balansında olan xilasetmə texniki vasitələri, həmçinin dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş bütün avadanlıqlar işlək vəziyyətə gətirilərək, xidmət 15 may tarixindən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir".

Akşin Əlili vətəndaşlara müraciət edərək vurğulayıb ki, çimərlik seçimində diqqətli olsunlar:

"Əgər hər hansı bir çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu bildirir.

Eyni zamanda unutmamalıyıq ki, çimərliklərdə xoş zaman keçirmək üçün hava şəraiti və günün saatları da olduqca önəmlidir. Dalğalı dənizdə, küləkli havada - xüsusən küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda - çimərliklərdə suya girmək qadağandır. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Çimərliklərdən təhlükəsiz istirahət vaxtı səhər saat 9-dan axşam 8-ə qədərdir".

Qeyd edək ki, ADSEA nəzdində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti dəniz suyundan nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edib. Çimərlik mövsümü ilə əlaqədar ölkə üzrə çimərliklərdə monitorinq aparılmasına başlanıb.

Bizə qoşulun