Medianews.az
Bəziləri süni intellektdən “adamları söyüşlə danışdırmaq” üçün yararlanır -
107 baxış

Bəziləri süni intellektdən “adamları söyüşlə danışdırmaq” üçün yararlanır - AÇIQLAMA

Sosial şəbəkələrdə, sosial media platformalarında etik normalardan kənar, milli dəyərlərimizə zidd çıxışların, paylaşımların qarşısının alınması məsələsi gündəmdədir.

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, yeni media, internet, sosial şəbəkələr və hazırda süni intellekt proqramları həyatımıza çox böyük dəyişikliklər gətirib. Onun sözlərinə görə, bu dəyişikliklər real həyatda olduğu kimi, onlayn məkanda da həm müsbət, həm də mənfi tendensiyaların baş qaldırması ilə nəticələnib: “Bu ilin yanvarında Azərbaycan qanunvericiliyinə əlavələr təsdiqləndi, internet və informasiya-telekommunikasiya şəbəkələrində fəaliyyətə görə məsuliyyət ağırlaşdırıldı. Beləliklə, onlayn məkanda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, milli-mənəvi dəyərlərə zidd materialların yayılması qadağandır və buna görə konkret cəzalar nəzərdə tutulur.

Bu, zəruri idi. Çünki onlayn məsuliyyət məsələsində hüquqi boşluqlar var idi, bu da xəbər saytlarında, sosial şəbəkə platformalarında, messencerlərdə, canlı yayımlarda, videolarda insanlara qarşı psixoloji təzyiqlərə, qısnamalara, söyüşə, təhqirə yol açırdı.

Dünyanın hər yerində, xüsusən Avropada sosial şəbəkələrdə, internet resurslarında qısnama, şəxsiyyətin alçaldılması, ictimai və işgüzar nüfuza qəsdən zərər vurulması hallarına qarşı kəskin inzibati, hüquqi tədbirlər görülür, qanunlar yeni dövrün reallıqlarına uyğunlaşdırılır.

Azərbaycanda qanunvericiliyə düzəlişlərdən sonra sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, ayrı-ayrı şəxslərin və qurumların nüfuzuna xələl gətirən paylaşımlara görə ciddi cəzaların həyata keçirildiyi müşahidə olunur.

Əlbəttə, sosial şəbəkələrin Azərbaycan seqmenti inkişaf etməlidir. O, əvvəlki yeniyetməlik mərhələsini geridə qoyaraq yetkinləşməli və intellektuallaşmalıdır. İnsanlar anlamalıdırlar ki, təkcə fiziki zorakılıq deyil, psixoloji, mənəvi, mədəni və intellektual informasiya zorakılığı da qəbuledilməzdir. Bir-birini təhqir etmək, alçaldıcı ifadələr işlətmək yolverilməzdir. Çünki bu cür davranış qarşılıqlı olur, xüsusilə yeniyetmə və gənclərin mənəvi-əxlaqi tərbiyəsinə mənfi təsir göstərir. Belə halların qarşısı alınmasa cəmiyyətdə xaos yarana bilər”.

Aydın Xan Əbilov bildirib ki, süni intellekt vasitəsilə hazırlanan və sosial şəbəkələrdə, yeni mediada dövriyyəyə buraxılan videolara da ayrıca diqqət yetirilməlidir: “Belə videolarda bəzən yaşlı nəslin nümayəndələri lağ obyektinə çevrilir, onların guya söyüşlə danışması kimi yanlış təsəvvür formalaşdırılır. Bu cür qurama məzmunlar cəmiyyəti mənəvi deqradasiyaya sürükləyə bilər. Dünyada süni intellekt əsasən kosmos, elm, nanotexnologiya və digər sahələrdə istifadə olunur. Bizdə isə bəziləri süni intellekt proqramından “adamları söyüşlə danışdırmaq” üçün yararlanırlar. Bu cür videolar sosial şəbəkələrin səviyyəsini aşağı salır, yeni nəslin dünyagörüşünü, intellektual, mədəni səviyyəsini korlayır”.

Yazıçı-kulturoloq vurğulayıb ki, hüquqi baza kimi maarifləndirici kampaniyalar, təbliğat-təşviqat da təkmilləşməlidir ki, internetin Azərbaycan seqmenti, sosial şəbəkələr lazımınca yetkinləşsin, mədəniləşsin, onlayn məkanda intellektual səviyyə yüksəlsin.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun