Medianews.az
Banklardan qaçan vətəndaşların gizli səbəbləri -
145 baxış

Banklardan qaçan vətəndaşların gizli səbəbləri - çıxış yolu, yoxsa borc tələsi?

Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) son illərdə maliyyə bazarının ən aktiv seqmentlərindən birinə çevrilib. Xüsusilə də son zamanlarda vətəndaşlar da artıq banklardan çox bu təşkilatlara üz tuturlar.

Vətəndaşlar nəyə görə bu təşkilatlara daha çox müraciət edirlər? BOKT-ların fəaliyyəti üzərində nəzarət mexanizmləri kifayət qədər effektivdirmi? BOKT-lardan kredit götürən vətəndaşlar üçün risklər nələrdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan iqtisadiyyatında bank olmayan kredit təşkilatlarının müəyyən yeri var: “Əgər bu qurumlara əhali tərəfindən tələbat varsa, deməli, buna ehtiyac da mövcuddur. Hazırda lisenziyalaşdırma ilə bağlı daha sərt qaydalar tətbiq olunur və Mərkəzi Bank öz tənzimləyici funksiyalarından istifadə edir. Bu sahədə vətəndaşların itkilərlə üzləşməməsi üçün müəyyən tənzimləyici aktlara ehtiyac var idi. Çünki bəzi hallarda vətəndaşlar itkilərlə qarşılaşır, çox yüksək faizlər təklif olunurdu”.

N.Cəfərli qeyd edib ki, hazırda bununla bağlı müəyyən işlər görülür: “Tənzimləyici addımlardan sonra bank olmayan kredit təşkilatlarının Azərbaycan iqtisadiyyatında daha aydın yeri və çəkisi olacaq. Bu qurumlara ehtiyac var və ölkədə buna tələbat mövcuddur. Müvafiq tənzimləyici aktlar qəbul edildikdən sonra Azərbaycanda bu sahənin inkişafını müşahidə edə bilərik”.

Medianews.az-a danışan hüquqşünas Əkrəm Həsanov deyib ki, BOKT-lara vətəndaşlar əsasən banklardan kredit götürməyin daha sərt şərtləri səbəbindən üz tuturlar: “Banklar kredit verərkən aylıq gəliri təsdiq edən sənəd tələb edir. Mərkəzi Bankın tələbləri də bu səbəbdən sərtdir. Çünki banklar əmanət cəlb edir və vətəndaşların vəsaiti ilə risk daşıyırlar. BOKT-lar isə vətəndaşlardan əmanət qəbul etmir, vəsaiti əsasən banklardan cəlb etdikləri kreditlər hesabına formalaşdırırlar. Buna görə də onların təqdim etdiyi kreditlərin faiz dərəcələri daha yüksək olur. Aylıq gəliri olmayan və ya kredit tarixçəsində problemi olan şəxslər daha çox bu qurumlara müraciət edirlər.

Digər fərqlər isə demək olar ki, yoxdur. BOKT-ların fəaliyyəti də Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılır. Mülki Məcəllənin borc münasibətlərinə və istehlak kreditlərinə dair müddəaları onlara da şamil olunur.

Bu baxımdan BOKT-larla banklar arasında ciddi fərq yoxdur, əsas fərq yalnız faiz dərəcələrindədir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun