Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb onun qarşısına heyvanın çıxması olub.
Medianews.az xəbər verir ki, bunu Oxu.Az-a avtobusun məxsus olduğu daşıyıcı şirkətin rəhbəri Pərviz Davudov deyib.
O bildirib ki, avtobus reysdən öncə texniki və tibbi baxışdan keçib:
"Avtobus 2026-cı il istehsalıdır. Nəqliyyat vasitəsinin sərnişin tutumu 51 nəfərdir, qəza zamanı isə içəridə 38 sərnişin olub. Sürücü hər hansı yorğunluq vəziyyətində olmayıb".
Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş vermiş qəza nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdirilib.
Xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Medianews.az