İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqların davam etdirilməsi barədə razılığa gəlib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Məsqətdə İran və Oman arasında keçirilən danışıqlara münasibət bildirib.
O qeyd edib ki, hüquqi və texniki nümayəndə heyətlərinin də iştirak etdiyi görüşlərdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və təhlükəsiz hərəkətinin təmin olunması məsələləri müzakirə edilib.
Bəqayinin sözlərinə görə, müzakirələr iki sahilyanı dövlətin suveren hüquqlarına, tətbiq olunan beynəlxalq hüquqa və İslamabad Memorandumunun 5-ci bəndinə uyğun şəkildə aparılıb.
Onun sözlərinə görə, İran İslam Respublikası hesab edir ki, Hörmüz boğazında gələcək hərəkət qaydalarının müəyyənləşdirilməsi iki sahilyanı ölkə arasında məsləhətləşmələr əsasında və son aylarda baş verən hadisələr, xüsusilə ABŞ və İsrailin İrana qarşı apardığı müharibə və bunun boğazdakı gəmiçiliyin təhlükəsizliyinə təsiri nəzərə alınmaqla həyata keçirilməlidir.
Bəqayi bildirib ki, Oman və İran Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı ortaq anlaşmaya nail olmaq məqsədilə siyasi, texniki və hüquqi səviyyələrdə danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.
O əlavə edib ki, danışıqların bir hissəsində son aylarda ABŞ-İran danışıqlarında vasitəçilik edən regional ölkələrdən biri kimi Qətər hökumətinin nümayəndə heyəti də iştirak edib./APA