Medianews.az
Azərbaycandan daşınan yüklərin həcmində kəskin artım -
121 baxış

Azərbaycandan daşınan yüklərin həcmində kəskin artım - RƏQƏMLƏR

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaş və həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkə olduğunu bildirib.

İqtisadçı Vüqar Bayramov Medianews.az-a açıqlamasında deyib ki, Azərbaycan regionda beynəlxalq nəqliyyat dəhlizlərinin genişlənməsinə ən çox töhfə verən dövlətlərdəndir: “Bu, Azərbaycan daxil olmaqla bölgə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olmaqdadır”.

Bəs, 2025-ci ildə Azərbaycan vasitəsi ilə daşınan yüklərin həcmi necə dəyişib? Yükdaşımalar Azərbaycana nə qədər iqtisadi dividend gətirir?

Suala cavab olaraq V.Bayramov bildirib ki, 2025-ci ildə Cənub-Qərb dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artım olub: “Belə ki, 2024-cü ildə sözügedən dəhliz vasitəsi ilə Azərbaycan üzərindən 394,2 min ton yük daşınmışdırsa bu göstərici ötən ilin yekunlarında 533.6 min ton olub. Bu Cənub-Qərb dəhlizi vasitəsi ilə daşınan yüklərdə 35 faiz artım deməkdir.

Azərbaycan Prezidentin çıxışında qeyd etdiyi kimi, ölkəmiz Şərq-Qərb dəhlizi üzrə vacib tərəfdaşlardandır. 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 in ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804 min ton olub. Qlobal geo-siyasi təhdidlərə baxmayaraq, əvvəlki il ilə müqayisədə 2025-ci ildə Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi stabilliyini qoruyub saxlaya bilər.

Azərbaycanın yükdaşımalardan əldə etdiyi gəlirdə daha çox paya Şərq-Qərb nəqliyyat dəhlizi malikdir: 324.4 milyon manat. Azərbaycanın yükdaşımadan gəliri Şimal-Cənub nəqliyyat dəhlizi üzrə 128.7 milyon manat, Şimal-Qərb üzrə 113.2 milyon manat və Cənub-Qərb üzrə 190.7 min manat olub.

Bu o deməkdir, Azərbaycanın nəqliyyat dəhlizləri ilə yükdaşımalardan əldə etdiyi illik gəlir 566.5 milyon manatdır. Göründüyü kimi, beynəlxalq yükdaşımalardan əldə edilən gəlir qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalarda mərhələli şəkildə xüsusi paya malik olmaqdadır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun