İyunun 2-də Prezident İlham Əliyevin imzaladığı fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında bildirib ki, dövlət başçısının qərarı rəqəmsal mühitdəki dağınıqlığın aradan qaldırılması, tənzimləmə və nəzarət mexanizmlərinin mərkəzləşdirilməsi baxımından mühüm qərardır: “Gündəlik fəaliyyətlərin, fərdi verilənlərin və biznes proseslərinin sürətlə onlayn mühitə daşındığı bir reallıqda kibertəhlükəsizlik artıq sırf texniki bir İT məsələsi olmaqdan çıxıb, milli təhlükəsizliyin və gündəlik həyatın birbaşa tərkib hissəsinə çevrilib.
Hüquqi struktur və idarəetmə modeli baxımından yanaşdıqda, yeni agentliyin fəaliyyət mexanizmində üç əsas rasional məqam önə çıxır. Birincisi, reaktiv rejimdən preventiv analitikaya keçilir. Qurumun əsas iş fəlsəfəsi baş vermiş kiberinsidentlərin fəsadlarının ardınca qaçmaq deyil, erkən xəbərdarlıq sistemləri vasitəsilə riskləri öncədən təsbit edib zərərsizləşdirmək üzərində qurulur. Bu yanaşmanın milli kritik infrastrukturlarda data və maliyyə itkilərini minimuma endirmək baxımından böyük iqtisadi səmərəlilik və rəqəmsal dayanıqlılıq yaradacağını düşünürəm.
İkincisi, Milli CERT və koordinasiya boşluğunun qapadılmasıdır. Dövlət qurumları, maliyyə-bank sektoru, provayderlər və operatorlar arasında operativ məlumat mübadiləsini təmin edən vahid bir mərkəz fəaliyyət göstərəcək.
Prezidentin fərmanında ali kateqoriyalı dövlət orqanları və kritik infrastrukturlarla bağlı müəyyən istisnaların və limitlərin qoyulması isə digər xüsusi xidmət orqanları ilə səlahiyyət toqquşmalarının qarşısını almağa hesablanmış çox rasional bir yanaşmadır.
Üçüncüsü isə maliyyə çevikliyi və istedadların saxlanılması məsələsidir. Agentliyin publik hüquqi şəxs statusunda, özünümaliyyələşdirmə modelinə əsaslanaraq fəaliyyət göstərməsi ona korporativ çeviklik qazandırır. Bu model dövlət strukturlarında tez-tez rast gəlinən kiber-mütəxəssislərin xaricə və ya özəl sektora qaçışı probleminin qarşısını almaq üçün bazara uyğun, rəqabətə davamlı əməkhaqqı şərtlərinin formalaşdırılmasına zəmin yaradır.

Vətəndaş müstəvisində isə fərdi məlumatların qanunsuz toplanması və işlənməsinə qarşı nəzarətin bu agentliyə həvalə edilməsi rəqəmsal gigiyenanı qanunvericilik aktlarından praktik tətbiq mərhələsinə keçirir. Transmilli kiberhücumlarla mübarizədə xarici tərəfdaşlarla qurulacaq beynəlxalq əməkdaşlıq isə Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcək. Bu mühüm transformasiyanın real nəticələri və effektivliyi isə qurulacaq daxili texnoloji infrastrukturun subyektlərlə real vaxt rejimində nə dərəcədə qüsursuz və çevik inteqrasiya olunacağından birbaşa asılı olacaq”.
Nailə Qasımova,
Medianews.az