Medianews.az
Azərbaycanda havalar niyə dəyişkən keçir? -
183 baxış

Azərbaycanda havalar niyə dəyişkən keçir? - Ekoloq səbəbləri AÇIQLADI

Son günlər Azərbaycanda hava şəraiti qeyri-sabit keçir, yağışlı və küləkli hava yaz fəslinin ab-havasını hiss etdirmir. Bu cür dəyişkən havaların insanların gündəlik həyatına, xüsusilə açıq havada çalışanlara və kənd təsərrüfatına da təsir göstərir. Sosial şəbəkələrdə də bir çox insan may ayının soyuq keçməsindən narazılığını ifadə edir. Bəs bu il yaz fəslinin gecikməsi iqlim dəyişiklikləri ilə bağlıdır, yoxsa müvəqqəti hava anomaliyasıdır?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında ekoloq Məhərrəm Mehdiyev bildirib ki, iqlim dəyişiklikləri mühüm rol oynayır və bu səbəbdən atmosferdə müxtəlif dəyişikliklər baş verir.

Onun sözlərinə görə, lakin bu hadisələri yalnız iqlim dəyişiklikləri ilə əlaqələndirmək bəzən düzgün olmaya bilər:

“Çünki bir çox təbii proseslər mövcuddur: vulkan püskürmələri, El-Ninyo və La-Ninya kimi hadisələr də buna təsir edir. Bu amillər ümumilikdə atmosfer və iqlim proseslərinə təsir göstərə bilər. İqlim dəyişiklikləri isə mürəkkəb bir prosesdir və əsasən orta illik temperaturun tədricən yüksəlməsi ilə xarakterizə olunur. Bu, o demək deyil ki, məsələn, 2020-ci ildə ən yüksək temperatur 41 dərəcə olubsa, 2025-ci və ya 2026-cı ildə mütləq daha aşağı və ya daha yüksək göstərici olacaq”.

Ekoloq qeyd edib ki, bu baxımdan iqlim dəyişiklikləri kompleks yanaşma tələb edir:

“Burada təkcə istixana qazları və ya El-Ninyo hadisəsi deyil, vulkan püskürmələri və digər təbii faktorlar da birlikdə nəzərə alınmalıdır.

O ki qaldı bu ilin yaz fəslinə, ehtimal olunur ki, bütün bu amillərin təsiri nəticəsində hava şəraiti belə formalaşıb. Ola bilər ki, yaz fəsli gözlənildiyi kimi keçməsin və biz yazı tam şəkildə hiss etmədən birbaşa yay temperaturuna keçid edək. Məsələn, iyunun 15-dən sonra temperaturun kəskin yüksəlməsi və yay şəraitinin başlaması mümkündür”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun