Medianews.az
Azərbaycan onların taleyinə biganə qala bilməz –
79 baxış

Azərbaycan onların taleyinə biganə qala bilməz – Politoloq

Böyük Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində xalqımızın hədəflərini ən mükəmməl şəkildə ifadə edərək yazırdı: “Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə, fikir və əməl şəklində təcəssüm edir”.

Gerçəkdən də Azərbaycan dövlətini eyni adlı bir coğrafiyanın sərhədləri içərisinə salmağa çalışsaq, qaşqaylar, Xorasan türkləri və kumıklar bu sərhədin xaricində qalacaqlar. Halbuki qaşqaylar və Xorasan türkləri Rəsulzadənin də yazdığı kimi Azərbaycan türklərinin bir qolu, bir hissəsidir. Hətta Azərbaycanın əleyhdarlarının ifadə etdikləri kimi qaşqaylar Azərbaycan xalqının bir qolu olmasa belə müstəqil dövlət qurmaq üçün lazım olan resurslara malik deyillər. Eyni ifadələri Xorasan türkləri və Dağıstanın üçüncü ən böyük toplumu olan kumıklar haqqında demək olar. Azərbaycan isə onların taleyinə biganə qala bilməz.

Qaşqayların, Xorasan türklərinin və kumıkların gələcəyinə də məhz Rəsulzadənin “Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə, fikir və əməl şəklində təcəssüm edir” dövlət fəlsəfəsindən çıxış edərək yanaşmalıyıq. Qaşqayların, Xorasan türklərinin və kumıkların gələcək taleyinə biganə qala bilmədiyimiz kimi, bu üç toplumsuz Böyük Azərbaycanın qurulmasının mümkün olmayacağını da anlamalıyıq.

Azərbaycanın açıq dənizlərə çıxışı təmin edilməsi üçün qaşqaylar hökmən Azərbaycan dövlətinin tərkibində yer almalıdırlar. Açıq dənizlərə çıxış olmadan böyük dövlət olmaq mümkün deyil. Qazaxıstanın aqibəti buna ən bariz nümunədir. Qazaxıstan 2.7 milyon kvadrat kilometrdən artıq əraziyə, 46 trilyon dollarlıq təbii sərvətlərə malik olsa da açıq dənizlərə çıxışının olmaması onun regional gücə çevrilməsinin qarşısını alır.

Postsənaye dövrünün zərurətləri “yeni neft” adlandırılan nadir torpaq metallarına nəzarət uğrunda mübarizəni XXI əsrin geosiyasi və geoiqtisadi münasibətlərinin müəyyən edicisi olacağını göstərir. Bu gerçəklik hər kəsə məlum olsa da, Qazaxıstan özünün nadir torpaq metalları yataqlarını işlətmək üçün sərmayə və texnologiya cəlb etməkdə çətinlik çəkir. Halbuki Qazaxıstan ərazisində beş mindən çox nadir torpaq metal yatağı var. İqtisadiyyatının gələcəyi nadir torpaq metallarından birbaşa asılı olan böyük ölkələri Qazaxıstana böyük həcmli sərmayə yatırmaqdan çəkindirən yeganə məqam Qazaxıstanın açıq dənizlərə çıxışının olmamasıdır. Sərmayəçilər hasil ediləcək nadir torpaq metallarının ixracında üçüncü ölkədən asılı olmaq istəmir.

Böyük Azərbaycanın eyni taleni yaşamamsı üçün açıq dənizlərə çıxışı olmalııdr. Bunu indi etməsək, yəqin 75-80 il, növbəti dünya nizamnının formalaşacağı zamana qədər gözləmək məcburiyyətində qalacağıq. Xalqımız ən azı üç nəsil bunun çətinlikləri ilə yaşamaq məcburiyyətində qalacaq.

Yeri gəlmişkən qeyd edim ki, Böyük Azərbaycanın açıq dənizlərə çıxışının olması Qazaxıstan başda olmaqla bütün Türküstanın (Mərkəzi Asiya) həyati əhəmiyyətli maraqlarına uyğundur. Xorasan türklərinin Böyük Azərbaycanın tərkibində olması Azərbaycanın Türküstanla sərhədlərini birləşdirəcək. Bu isə Türküstanın Çin və Rusiyadan asılılığını aradan qaldırmağa, bu bölgədəki ölkələrin qlobal iqtisadiyyata inteqrasiyasına güclü təkan verəcəkdir. Bu proses isə ABŞ başda olmaqla Böyük Britaniya, Avropa İttifaqı və İsrailin həyati əhəmiyyətli maraqlarına uyğundur. Türküstanın zəngin sərvətlərinə birbaşa çıxış bu dövlətlərin Çinin nadir torpaq metallarından asılılığını tamamilə ortadan qaldıracaq.

ABŞ-ın hərbi müdaxiləsinin baş verib-verməməsindən asılı olmayaraq bu il İran üçün sonuncu il olacağı aydın görünür. Ona görə də Azərbaycan xalqının strategiyası Böyük Azərbaycanın gerçəkləşməsini əhatə etməlidir. Bunu isə “Dərbənd İttifaqı” adını verdiyim “Bütöv dövlət (vətən), bütöv xalq” doktrinası ilə etmək mümkündür.

“Dərbənd İttifaqı” doktrinası Rəsulzadənin müəyyən etdiyi Böyük Azərbaycan fikrinin gerçəkləşməsi strategiyasıdır. Bu strategiya Xorasan türkləri və qaşqayların Böyük Azərbaycanın ayrılmaz, vazkeçilməz hissəsi gördüyü kimi, eyni taleni kumıklarla da paylaşmağımızı diktə edir. Tarixən Azərbaycandan ayrı taleləri olmayan kumıkların gələcəyi də Böyük Azərbaycanla bağlıdır. Bu isə Xəzər dənizində Azərbaycanın nəzarətini kəskin artırmaqla, Rusiyanın parçalanmasından sonra İdel-Ural coğrafiyasında yaranacaq türk dövlətləri ilə bağlılığını təmin edəcəkdir.

Avrasiya böyük dəyişikliklər ərəfəsindədir. Bu dəyişikliklərdən ən böyük qazancla çıxmaq imkanı olan xalqların siyahısının önündə Azərbaycan xalqı gəlir. Çünki Böyük Azərbaycan yaranması yeni dünya nizamını formalaşdıran böyük dövlətlərin də maraqlarına uyğundur. Yüz ildə, hətta min ildə bir müşahidə olunan tarixi proseslər bizi Böyük Azərbaycana doğru aparır. Bizi Böyük Azərbaycandan yalnız özümüzün fəlakətli səhvi məhrum edə bilər.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun